CƏMİYYƏT
Hər bir millətin qürur mənbəyi onun dövlət atributlarıdır
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də Nizami Kino Mərkəzində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən keçirilən tədbirdə əvvəlcə üçrəngli dövlət bayrağımıza həsr olunan videoçarx nümayiş etdirilib.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı iştirakçıları əlamətdar gün münasibətilə təbrik edərək, Azərbaycanın dövlət müstəqilliyinin sarsılmaz olduğunu bildirib.
Azərbaycan Respublikası Milli Məclis Sədrinin müavini Bahar Muradova çıxış edərək bildirib ki, hər bir millətin qürur mənbəyi onun dövlət atributlarıdır. B.Muradova deyib: “Dövlət atributları içərisində ən uca yeri müqəddəs bayrağımız tutur. Bayraq qalibiyyətin rəmzi kimi dalğalanır. Bayraq həm də insanların qəlbində and yeridir”.
Doğma Vətəni, onun müqəddəs bayrağını sevən Azərbaycan gəncləri ilə qürur duyduğunu bildirən Milli Məclis Sədrinin müavini onların ulu öndər Heydər Əliyevin dəyərli fikirlərindən, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışlarından ilham alaraq bir nəfər kimi Vətənin müdafiəsi üçün öndə gedəcəklərinə əminliyini ifadə edib.
“Qarabağ bizi çoxdan gözləyir və biz də çoxdan Qarabağa getmək istəyirik. Əsası Ulu Öndər tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən və müdrik siyasət artıq öz bəhrəsini verir. İşğal altında olan Qarabağın düşmən tapdağından azad edilməsi, Qələbə günü lap yaxındadır. Biz artıq Qələbənin addım səslərini eşidirik. Bunun üçün hər birimiz milli maraqlarımızı hər şeydən üstün tutaraq əməlimizlə, işimizlə dövlətimizə, onun başçısına dəstək olmalı, sədaqətimizi nümayiş etdirməliyik”, - deyə Bahar Muradova vurğulayıb.
Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbirin təşkilinə görə YAP Nəsimi rayon təşkilatının sədrinə təşəkkürünü bildirib, bayrağımızın müqəddəs milli dəyər, varlığımız, qürur mənbəyimiz olduğunu deyib. Diqqətə çatdırıb ki, hər bir Azərbaycan vətəndaşı bayrağımızın ən uca zirvələrdə dalğalanmasına öz töhfəsini verməli, Vətənimiz naminə bu bayraq altında hər an mübarizəyə hazır olmalıdır. O əminliklə vurğulayıb ki, bayrağımızın Qarabağda dalğalanacağı gün uzaqda deyil.
Tədbir bədii hissə ilə davam edib. Hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının çıxışı alqışlarla qarşılanıb.
Sonra Nəsimi rayonunun fəal gəncləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.