CƏMİYYƏT
Hər il 8 mindən çox əlil şəxs dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti ilə təmin olunur
Bakı, 9 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) paytaxtda və bölgələrdə fəaliyyət göstərən 15 bərpa-müalicə müəssisəsində hər il orta hesabla əlilliyi olan 8 mindən çox şəxs dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti ilə təmin olunur.
Bu barədə AZƏRTAC-a ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, bu ilin birinci yarısında nazirliyin bərpa mərkəzlərində 3891 nəfər reabilitasiya tədbirlərinə cəlb edilib və bərpa-müalicə kursu keçib. Onlardan mühüm bir hissəsini Qarabağ müharibəsi əlilləri təşkil edib. Həmçinin Qarabağ müharibəsi əlillərinin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası, bunun üçün onların protez-ortopedik məmulatlarla təmin olunması yönündə də işlər aparılır. Təkcə bu ilin yanvar-iyul aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan insanlara 20,5 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. Ümumilikdə 8,4 min nəfərə yaxın əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib ki, onlardan 1000 nəfərə yaxını Qarabağ müharibəsi əlilləri olub.
Qarabağ müharibəsi əlillərinin xaricdə ixtisaslaşmış bərpa müalicəsi də təşkil edilir. Keçən il və cari ilin ötən dövründə nazirlik tərəfindən 400 nəfərə yaxın əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilib. Həmin əlilliyi olan şəxslərdən bir hissəsini də məhz Qarabağ müharibəsi əlilləri təşkil edib.