Hər yerdə yeri görünən İlqar
Bakı, 3 noyabr, Süleyman Qaradağlı, AZƏRTAC
Onun gələcək taleyi özünə əyan idimi? Başına gələnlər əvvəlcədən ürəyinə dammışdımı?
İndi bu barədə nəsə demək çətindir…
Nənəsi Məleykə Bürcəliyeva xatırlayır ki, sevimli nəvəsi İlqar hərbi xidmətə yola düşən gün onun ad günü olub: “İlqar deyirdi ki, onsuz da mən qayıtmayacağam. Dedim, ay oğul, niyə elə deyirsən? Dedi, nənə, məgər mən şəhid olanlardan artığam?
…İndən sonra bir də heç vaxt ad günümü qeyd etmərəm”.
Anası Elnurə altı il əvvəl baş vermiş hadisəni yada salır: “Sinif yoldaşının qardaşı Aprel döyüşlərində şəhid olmuşdu. İlqar axşam vaxtsız olsa da, onlara getdi, səhərə qədər orda oldu, dəfndə də iştirak etdi. Həmin mərasimdə yoldaşlarına deyib ki, şəhid olsam, məni də bayraqların əhatəsində Yasamalın küçələrindən keçirərək dəfn edərsiniz.
…Şəhid anaları görəndə çox pis olur, həmişə mümkün qədər onlardan gizlənməyə çalışırdım. Utanırdım ki, onlarla necə hal-əhval tutum, necə soruşum ki, necəsən? O vaxtlar ağlıma da gəlməzdi ki, bu hadisə mənim də başıma gələ bilər”.
AZƏRTAC xəbər verir ki, indi ürək dağlayan bu xatirələr Vətən müharibəsi şəhidi İlqar Bürcəliyev barəsindədir.
İlqar 2019-cu ilin yayında hərbi xidmətə gedib. Təlimlərdə iştirak edib, atıcılıq üzrə yarışlarda birinci yerə çıxmışdı. Manqa komandiri seçilmişdi. Ona üzərində şəhid-polkovnik Polad Həşimovun şəkli olan döş nişanı verilmişdi.
“2020-ci il sentyabrın 21-də ilk dəfə olaraq İlqarın xidmət etdiyi hərbi hissəyə getmişdik. Bu, bizim hərbi xidmət dövründə onunla ilk və son görüşümüz oldu. Polad Həşimovun şəkli olan nişanı verdi ki, məndən yadigar saxla”, - deyə atası xatırlayır.
Özündən iki yaş kiçik qardaşı Tamerlanın da xatirələri kövrək və təsirlidir: “İlqarla bir yerdə futbola gedər, bir komandada oynayardıq. Çox yüksək sürəti var idi. Ona top ötürüləndə bilirdin ki, İlqar onu heç vaxt itirməyəcək. Yadımdadır ki, bir dəfə mənim ötürməmdən sonra o qol vurdu və biz qalib gəldik. Bütün komanda, ikimiz də çox sevindik. Həmin oyunu izləyənlər arasında atam da var idi…”.
İlqarı futbolda ilk addımlarını Bakıda “Vətən” klubunda atıb. Əvvəlcə “Zirə” komandasında, daha sonra isə Gəncənin “Kəpəz” komandasında çıxış edib. Həmyaşıdları arasında istedadı, oyunu hiss etmək bacarığı, oyun üslubu ilə seçilib. Sonra yenidən “Zirə” komandasında çıxış etməyə başlayıb. 2017-ci ildə onu 18 yaşlılardan ibarət yığma komandaya cəlb ediblər.
İlqarı tanıyanların hamısı onu çox istəyirdi. Toyların, məclislərin yaraşığı idi. O, heç tanımadığı adamın şənlik məclisində də elə ürəkdən iştirak edər, elə ürəklə oynayardı ki, elə bilirdin doğma qardaşının toyudur. Ona görə qohum-qardaş indinin özündə də həmişə deyir: “Toylarda İlqarın yeri görünür”.
Onun yeri nəinki toylarda, futbol meydançasında, dostlarının arasında, evdə, ailədə… hər yerdə görünür.
Atası yenə də İlqarlı günlərə qayıdır: “Sentyabrın 27-də səhər tezdən zəng etdi ki, ata, narahat olmayın, biz gedirik. Bunun dalınca telefonla mesaj göndərdi: ”Ata, tanklardayıq. Özünüzdən muğayat olun. Anamgilə heç nə demə. Haqqınızı halal edin”.
Bu, İlqarın son mesajı olur.
Vətən müharibəsinin ilk günü Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Axşam saat 5-6 radələrində isə Talış kəndi uğrunda döyüşlərdə haqqın dərgahına qovuşub. Yoldaşlarının dediyinə görə, həmin döyüşdə onlar 3 yaralını xilas ediblər, bir şəhidin meyitini isə atəş altından çıxarıblar. Snayper gülləsinə tuş gələn İlqar yaralansa da, döyüş mövqeyini tərk etməyib. Yoldaşları ona geri qayıtmağı təkid ediblər, lakin İlqar qayıtmayıb. “Qayıdırıqsa, hamımız bir yerdə qayıtmalıyıq”,- deyib. Təxminən 1 saata qədər yaralı halda döyüşüb.
Hərbi xidmət dövründə İlqarın bir dəftərçəsi tapılıb. 2019-cu ilin avqustunda həmin dəftərçəyə Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlığı təkrarlamaq arzusunda olduğunu qeyd edib.
Atası deyir: “İnsan 19 il də, 89 il də yaşaya bilər. Lakin əsas məsələ onun neçə il yaşaması yox, necə yaşaması, özündən sonra qoyduğu izdir. İlqar 19 illik qısa ömründə ürəklərdə heç vaxt silinməyəcək əbədi bir iz qoyub getdi”.
Anası deyir: “Vətən müharibəsi Zəfərlə başa çatandan sonra mən də çox şükür elədim ki, şəhidlərimizin qanı yerdə qalmadı. Lakin onun yoxluğunu heç nə əvəz edə bilməz”.
Tamerlan isə qardaşının xatirəsini futbol meydançasında əbədiləşdirməyə çalışır. Onun şəhid olduğu günün şərəfinə 27 nömrəli köynəkdə oynayır. “Zirə” futbol komandasının gənc kənar yarımmüdafiəçisi kürəyində “Tamerlan İlqar” yazılan köynəkdə meydana çıxır.
Gəncədəki Şəhidlər xiyabanında dəfn olunan İlqar Bürcəliyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.