DÜNYA
“Heraldo de Mexico” qəzeti: Niger ilə münasibətlərin pozulması Fransanın Avropadakı mövqeyinə ciddi təhdid yaradır
Bakı, 1 sentyabr, AZƏRTAC
Meksikanın nüfuzlu “Heraldo de Mexico” qəzetində “Qərbi Afrika: Regionda neokolonial sülh təcrübələrinin sona çatmasına zəmanət verilirmi? sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Qərbi Afrikadakı vəziyyətin Fransa və ABŞ-ın bölgədəki neokolonial fəaliyyətlərinin sona çatmasından sonra mühüm dönüş nöqtəsində olduğu vurğulanıb. Bildirilib ki, Nigerdəki son çevriliş və kömək üçün “Vaqner” hərbi qruplaşmasına müraciət edilməsi bu strateji regionda güc və təsir balansında dəyişikliyə səbəb olub. Bu dəyişiklik Afrika xalqının xarici güclərin istismarı və müdaxiləsi ilə artan məyusluğunu əks etdirir.
Yazıda tarixən Qərbi Afrikanın keçmiş müstəmləkəçi dövlətlər və son zamanlar Fransa və ABŞ kimi qlobal oyunçular tərəfindən idarə olunduğu və istismar edildiyi diqqətə çatdırılıb. Nigerdəki çevriliş və onun “Vaqner”ə müraciətinin regionun böyük dövlətlərinin inkişaf və özünü təmin etmək üçün ittifaqlar və yeni yanaşmalar axtarışının göstəricisi olduğu vurğulanıb. Həmçinin Rusiya və Çinin regionla əlaqələri gücləndirmək, Qərbin zəifləməsi ilə yaranan boşluğu doldurmaq fürsətindən istifadə etdiyi qeyd olunub.
“Nəzərə almaq lazımdır ki, böyük dövlətlər adətən fədakar davranmırlar və onların Qərbi Afrikaya maraqları geosiyasi və iqtisadi maraqları ilə müəyyən edilmiş ola bilər. “Vaqner” hərbi qruplaşmasına kömək üçün müraciət olunması onu deməyə əsas verir ki, çevriliş edənlər ənənəvi mənbələrdən ala bilmədikləri dəstək axtarışındadırlar. Afrika xalqının yorğunluğu bu məsələdə aydın görünür. İqtisadi istismarın və xarici müdaxilənin buxovlarından qurtulmaq üçün mübarizə aparan region təbii sərvətlərinin sahibi olmaq və müqəddəratını özü təyin etməyə çalışır. Lakin Nigerdə çevriliş istər-istəməz sülh və firavanlığa zəmanət vermir. Siyasi sabitliyin və etimad mühitinin olmaması vəziyyəti daha da gərginləşdirə və davamlı inkişafa mane ola bilər. Bunun Avropanın saxta “demokratikləşmə” ritorikasına, yoxsa dövlət çevrilişindən sonrakı proseslərə pis təsir edib-etməyəcəyi hələ məlum deyil. Beynəlxalq ictimaiyyətin reaksiyası gələcək hadisələrin mühüm göstəricisidir. Qərb ölkələri və Avropa İttifaqı tərəfindən səsləndirilən narahatlıqlar regionda artan gərginliyi əks etdirir. Qərbi Afrika regional blokunun ultimatumu və hərbi müdaxilə ehtimalı Afrikanın suverenliyi və öz müqəddəratını təyin etməsi ilə bağlı mühüm suallar doğurur”, - deyə yazıda bildirilib.
Məqalədə, həmçinin vurğulanıb ki, Fransa qızıl və uran ehtiyacını ödədiyi Nigerdəki maraqlarından asanlıqla əl çəkmək istəməyəcək. Buna görə də Fransa ilə Niger arasında qeyri-sabitlik və strateji münasibətlərin pozulması Fransanın Avropadakı mövqeyinə ciddi təhdid yaradır. Fransanın əsrlər boyu Afrikanın təbii sərvətlərini taladığını nəzərə alsaq, bu, onun gücünün azalmasına səbəb olur.
“Qarşıda bizi nə gözləyir? Qərbi Afrikadakı vəziyyət qlobal siyasətin mürəkkəbliyini və tarixən təcrid olunmuş regionda bərabərlik və ədalət axtarışını xatırladır. Qarışıqlıq Afrika xalqının yorğunluğunun nəticəsi olsa da, sabit və firavan bir bölgənin gələcəyini təmin etmək üçün öz müqəddəratını təyinetmə prosesi həyata keçirilməlidir”, - deyə məqalədə qeyd edilib.