REGİONLAR
Hərbi-vətənpərvərlik mahnıları müsabiqəsinin seçim turunun qalibləri Gəncədə keçiriləcək yarımfinalda iştirak edəcəklər VİDEO
Beyləqan, 30 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsi ilə birgə Silahlı Qüvvələrin yaranma günü münasibətilə “Vətən uğrunda!” adlı hərbi-vətənpərvərlik mahnıları müsabiqəsi keçirir. Vokal qabiliyyətinə və hərbi-vətənpərvərlik mövzusunda mahnıları ifa etmək bacarığına malik hərbi qulluqçuların və mülki gənclərin iştirak etdikləri mahnı müsabiqəsi cəbhəboyu bölgələri - Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, eləcə də Gəncə və Naftalan şəhərlərini əhatə edir.
AZƏRTAC xəbər verir ki, aprelin 30-da Beyləqan şəhərindəki “N” saylı hərbi hissədə hərbi-vətənpərvərlik mahnıları müsabiqəsinin seçim turu keçirilib. Müsabiqədə Ağcabədi, Beyləqan və Füzuli rayonları ərazisində xidmət edən hərbi qulluqçular, həmçinin bu rayonlarda yaşayan mülki gənclər iştirak ediblər.
Beyləqan rayon məktəbliləri və müsabiqə iştirakçıları əvvəlcə hərbi hissədə döyüş silahları, texnika və hərbi sursatlarla, şəxsi heyətin sosial-məişət şəraiti, xidməti ilə yaxından tanış olublar. Sonra Beyləqan rayon uşaq yaradıcılıq mərkəzinin 1 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Ulduzlar” qrupu “Şən Azərbaycan” rəqsini ifa ediblər.
Müsabiqə iştirakçılarının hərbi-vətənpərvərlik mövzusunda ifa etdikləri mahnılar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib. İfası münsiflər heyəti tərəfindən bəyənilən hərbi qulluqçular və mülki gənclər müsabiqənin Gəncə şəhərində keçiriləcək yarımfinalında iştirak edəcəklər. Qaliblər Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümünə həsr olunmuş qala-konsertdə mükafatlandırılacaqlar.
Qeyd edək ki, “Vətən uğrunda!” adlı hərbi-vətənpərvərlik mahnıları müsabiqəsində 186 nəfər hərbi qulluqçu, Bakı şəhərindən 33, bölgələrdən 67 mülki şəxs iştirak edir. Müsabiqənin keçirilməsində məqsəd milli mədəniyyətin və incəsənətin, hərb ənənələrinin və hərbi xidmətin təbliği, mülki gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və onların yaradıcılıq bacarıqlarının inkişafı, hərbi kollektivlər, hərbi qulluqçular və mülki gənclər arasında əlaqələrin möhkəmləndirilməsi, onların asudə vaxtlarının mədəni keçirilməsinin təşkili, hərbi hissələrdə bədii özfəaliyyət kollektivlərinin yaradılmasıdır.