REGİONLAR
Hərbi xidməti başa vuran gənclər torpaqlarımızın azad edilməsi uğrunda çağırışa hər an hazırdırlar
Qəbələ, 16 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Gündən-günə inkişaf edən, qüdrətlənən Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etməyə hər an hazırdır. Bu gün Azərbaycan Ordusu texniki təchizat və döyüş hazırlığı qabiliyyətinə görə Cənubi Qafqazın ən güclü ordusudur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir hərbi xidməti yenicə başa vurub ehtiyata buraxılan qəbələli gənclərlə rayon ictimaiyyətinin görüşü zamanı səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi parkında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rahim Ağayev çıxış edərək, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qayğısı sayəsində ölkəmizdə ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən danışıb.
Görüşdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Müşviq Abbasov, Qarabağ müharibəsi veteranı Mehdi Həmidov, rayon Ağsaqqallar Şurasının sədri Nazim Mustafayev çıxış edərək, hərbi xidməti ləyaqətlə başa vuran gəncləri təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Hərbi xidməti başa vuran gənclər adından çıxış edən Rahim Kərimov orduya və ehtiyata buraxılan gənclərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib, düşmən işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda çağırışa hər an hazır olduqlarını vurğulayıb.
Tədbirin sonunda hərbi xidməti nümunəvi başa vuraraq ehtiyata buraxılan gənclərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.