İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşları Ukraynada beynəlxalq tədbirdə iştirak ediblər
Bakı, 8 noyabr, AZƏRTAC
Ukraynanın Lvov şəhərində “Şərq Tərəfdaşlığı Ölkələrində 2030-cu il Gündəliyinin məqsədlərinin həyata keçirilməsinə nəzarət üçün Ali Audit Qurumlarının potensialının artırılması” üzrə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı Ölkələrində ali audit qurumlarının fəaliyyətində beynəlxalq standartların tətbiqi üçün hüquqi zəmin” mövzusunda tədbir keçirilib.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun Hüquqi təminat və kadr məsələləri üzrə şöbəsinin müdiri Nəsir Sadıqov, Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin Beynəlxalq təşkilatlarla əlaqələr və Ali audit qurumları ilə əlaqələr sektorunun müdiri Fərqanə Əliyeva, Hüquqi təminat və kadr məsələləri üzrə şöbəsinin Hüquqi təminat sektorunun böyük məsləhətçisi Nuranə Səfərova, İcmal - analitik şöbəsinin Analitik hesabatlar və icmallaşdırma sektorunun aparıcı məsləhətçisi Tamerlan Yusifzadənin iştirak etdikləri tədbirə Gürcüstan, Ukrayna, Belarus ali audit və dövlət nəzarəti qurumlarını təmsil edən nümayəndə heyətləri və ekspertlər qatılıb.
Tədbirdə iştirakçı dövlətlərin ali audit qurumlarının və dövlət maliyyə nəzarəti funksiyalarını həyata keçirən qurumlarının fəaliyyətlərini tənzimləyən qanunvericilik aktlarının təhlili üzrə hazırlanmış hesabatlar təqdim olunub və müzakirələr aparılıb. Kənar dövlət maliyyə nəzarəti sahəsinin hüquqi baxımdan tənzimlənməsində olan çatışmazlıqlar hər bir iştirakçı ölkə üzrə təhlil edilib, həmçinin müvafiq sahənin qanunvericiliyinin beynəlxalq standartların tətbiqinin təmin edilməsi məqsədilə təkmilləşdirilməsi istiqamətində təkliflər səsləndirilib.
Bundan əlavə, tədbirdə ali audit qurumlarının səmərəli fəaliyyətini təmin edən, o cümlədən bu sahədə beynəlxalq standartların effektiv tətbiqini həyata keçirən ölkələrin təcrübələri müzakirə olunub və müvafiq hüquqi aktları təhlil edilib.