İQTİSADİYYAT
Hesablama Palatasının kollegiya iclası keçirilib
Hesablama Palatasının kollegiya iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekologiya Monitorinq İdarəsinə və Dövlət Ekspertiza İdarəsinə dövlət büdcəsindən ayrılan və büdcədənkənar (xüsusi) vəsaitlərin, həmçinin Ağdaş Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Hesablama Palatasından AZƏRTAC-a bildiriblər ki, iclasda müvafiq zəruri tədbirlərin görülməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında, eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının, eləcə də, dövlət gəlirlərinin yığılmasının və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair audit proqramı təsdiq olunub, cari məsələlər nəzərdən keçirilib.