İQTİSADİYYAT
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının rəyləri müzakirə edilib.
Hər iki rəy mövcud qanunvericilik aktlarının tələblərinə uyğun olaraq Hesablama Palatasının rəsmi internet saytının “Ekspert-analitik fəaliyyət” bölməsinin “Rəylər” alt-bölməsində yerləşdirilib.
Kollegiya iclasında, həmçinin Azərbaycanın Bolqarıstandakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair, dövlət büdcəsindən “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.
Kollegiyada Hesablama Palatasının 2016-cı il iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar təsdiq olunub.