İQTİSADİYYAT
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilmişdir
Bakı, 13 iyun (AZƏRTAC). Hesablama Palatasının növbəti kollegiya iclası keçirilmişdir.
Palatadan AZƏRTAC-a bildirmişlər ki, iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının saxlanılmasına və meşələrin inkişafı departamentinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri üzrə hesabat və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir.
Zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınmışdır.
Eyni zamanda, iclasda “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətinə, Neftçala Rayon İcra Hakimiyyətinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə, şəhərin məktəbəqədər təhsil müəssisələrinə, eləcə də Azərbaycanın İspaniya Krallığında səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının hesablanılmasına dair audit proqramları təsdiq olunmuşdur.