İQTİSADİYYAT
Hesablama Palatasının sədri Əbu-Dabidə keçirilən EUROSAI və ARABOSAI təşkilatlarının III Konfransında iştirak etmişdir
Bakı, 4 aprel (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində “Şəffaflıq, cavabdehlik və antikorrupsiya” mövzusunda EUROSAI və ARABOSAI təşkilatlarının birgə III Konfransı keçirilmişdir.
Konfransın sədri, BƏƏ-nin Dövlət Audit Ofisinin prezidenti Harib Amiminin dəvəti ilə konfransda Azərbaycan Respublikası Hesablama Palatasının sədri Heydər Əsədov da iştirak etmişdir.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, konfransda EUROSAI və ARABOSAI təşkilatları və onlara üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi, geniş fikir mübadiləsi üçün əlverişli imkanın yaradılması ilə yanaşı, dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi məqsədilə şəffaflığın və cavabdehliyin yüksəldilməsində, habelə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində AAQ-ların rolunun artırılması məsələləri də müzakirə edilmişdir.
Xatırladaq ki, EUROSAI və ARABOSAI təşkilatlarının I Konfransı 2006-cı ildə Tunisdə, II Konfransı isə 2009-ci ildə Parisdə keçirilmişdir.