ELM VƏ TƏHSİL
HƏSƏN BƏY ZƏRDABİNİN VƏFATININ 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-PRAKTİKİ KONFRANS
AZƏRTAC xəbər verir ki, Bakı Dövlət Universitetində (BDU) böyük alim və mütəfəkkir, ictimai xadim və jurnalist, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin vəfatının 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir.
Tanınmış alim və təhsil işçilərinin, jurnalistlərin və tələbələrin iştirak etdiyi konfransda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək, Həsən bəy Zərdabinin zəngin yaradıcılığından, elm və mədəniyyətimizə verdiyi töhfələrdən bəhs etmiş, “Əkinçi” (1875-1877) qəzeti ilə milli mətbuatımızın əsasını qoyduğunu diqqətə çatdırmışdır.
Rektor, alimin yaradıcılıq irsinin gənc yazar və jurnalistlərimiz üçün layiqli örnək olduğunu söyləmişdir.
Sonra professorlar Şirməmməd Hüseynov, İzzət Rüstəmov, dosent Cahangir Məmmədli Həsən bəy Zərdabinin mənalı ömür yolundan, mədəniyyətimizin və milli mətbuatımızın inkişafındakı mühüm xidmətlərindən danışmış, onun mütərəqqi fikir və düşüncələrinin əhəmiyyətini vurğulamışlar.
Mətbuat Şurasının sədri Əflatun Amaşov və digər natiqlər də Həsən bəy Zərdabinin yaradıcılıq irsinin dərindən tədqiq olunmasının və öyrənilməsinin vacibliyini bildirmiş, təkliflər vermişlər.