MƏDƏNİYYƏT
HƏVƏSKAR RƏSSAMLARIN VƏ TƏTBİQİ SƏNƏT USTALARININ ƏL İŞLƏRİNDƏN İBARƏT RESPUBLİKA BAXIŞ–MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, oktyabrın 10-da Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş həvəskar rəssamların və tətbiqi sənət ustalarının əl işlərindən ibarət respublika baxış-müsabiqəsinin yekun tədbiri keçirilmişdir.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və Rəssamlar İttifaqının bölmə müdiri, əməkdar rəssam Ənvər Qarayev çıxış etmişlər. Vurğulanmışdır ki, cari ilin iyul-avqustunda respublikanın 6 zonasında həvəskar rəssamların və tətbiqi sənət ustalarının əl işlərindən ibarət respublika baxış-müsabiqəsinin 3 gün davam edən ilkin mərhələsi keçirilmişdir. Baxış-müsabiqədə yaşından asılı olmayaraq rəngkarlıq, heykəltəraşlıq, xalçaçılıq, musiqi alətləri və zərgərlik sahələrində çalışan sənətkarlar iştirak etmişlər. Həmin mərhələnin qalibləri respublika baxış-müsabiqəsinin yekun sərgisində iştirak etmək hüququ qazanmışlar.
Baxış-müsabiqəsinin məqsədi xalq yaradıcılığının mühüm tərkib hissələri olan həvəskar rəssamların və tətbiqi sənət ustalarının layiqli işlərinin üzə çıxarılmasına, təbliğ edilməsinə və onların peşəkarlıq səviyyələrinin yüksəldilməsinə kömək göstərməkdən ibarət olmuşdur.
Respublika baxış-müsabiqəsinin yekun tədbirinə təqdim olunmuş əsərlərin müəllifləri arasında qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşdirilmişdir.
Qaliblərə Mədəniyyət və Turizm Naziriliyinin pul mükafatları, 1,2,3 dərəcəli diplomlar təqdim olunmuşdur.