“Heydər Əliyev 100: Nəsillərin görüşü” – Ağcabədidə tədbir
Ağcabədi, 10 may, AZƏRTAC
Ağcabədi rayonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının və Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin birgə əməkdaşlığı ilə “Heydər Əliyev 100: Nəsillərin görüşü” adlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ADPU Ağcabədi filialının müəllimi Aygün Əlizadə Ulu Öndərin keçdiyi şərəfli həyat yolundan bəhs edərək bildirib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolunu oynayıblar. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.
GTM Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova çıxışında vurğulayıb ki, bugünkü görüşün məqsədi yaşlı və gənc nəsil arasında əlaqələrin möhkəmləndirilməsi, gənclərin ağsaqqallardan daha çox öyrənmələrinə, örnək götürmələrinə yardımçı olmaqdır. R.Qafarova bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolu daha da artdı. Ulu Öndər həmişə ağsaqqal sözünün hikmətinə, böyüklüyünə yüksək qiymət verir, onları cəmiyyətin ən fəxarətli üzvləri kimi qəbul edirdi. Hazırda bu gözəl ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən respublika ağsaqqallarına diqqət və qayğı göstərilir. Bütün bunlar bir daha təsdiqləyir ki, ağsaqqallar xalqımızın mənəvi sərvətidir və bu gün biz həmin sərvətin nümayəndələri ilə görüşürük.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri, Ağcabədi rayon Ağsaqqallar şurasının sədri Əlizadə Nəcəfov, ADPU Ağcabədi filialının kafedra müdiri Tahir Kərimli, YAP veteranı Teymur Rəhimov, “Aran” qəzetinin redaktoru Məhsəti Musa Ulu Öndərlə bağlı xatirələrini paylaşaraq, onun Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.