SİYASƏT
“HEYDƏR ƏLİYEV - ƏBƏDİYAŞAR LİDERİMİZ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
Bakı, 10 dekabr (AZƏRTAC). Dekabrın 10-da Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı (AQMKGT) ulu öndər Heydər Əliyevin vəfatının ildönümü münasibətilə “Heydər Əliyev əbədiyaşar liderimiz” mövzusunda konfrans keçirmişdir.
AQMKGT-nin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Vüqar Qədirov ulu öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafının, güclü daxili və xarici siyasət kursunun həyata keçməsinin, ölkəmizin ən böyük beynəlxalq layihələrinin və digər mühüm işlərin təməlini qoymuşdur. O, gənclərə göstərdiyi diqqət və qayğı ilə dövlətimizin inkişafında gənclərin rolunun artırılmasının təminatçısı olmuşdur. Qaçqın və məcburi köçkünlərin məskunlaşması, məşğulluğunun artırılması istiqamətində ulu öndər tərəfindən görülən işlər xüsusi vurğulanmışdır.
V.Qədirov diqqətə çatdırmışdır ki, ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək, Azərbaycanı bölgənin ən güclü dövlətinə çevirmişdir.
Sonra Şura üzvləri Dilarə Vəliyeva, Gülnarə Hüseynova, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov və digərləri çıxış edərək, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasını qeyd etmiş, onun gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışlar.
Natiqlər ulu öndərin daim xalqımızın qəlbində əbədi yaşayacağını, Vətəninə, xalqına göstərdiyi sədaqətin böyüməkdə olan gənc nəslin həyatında böyük əhəmiyyət daşıdığını vurğulamışlar.