İQTİSADİYYAT
Heydər Əliyev adına Bakı neft emalı zavodunda ATƏT-in Bakı ofisinin nümayəndəsi ilə görüş keçirilmişdir
Bakı, 7 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Heydər Əliyev adına Bakı neft emalı zavodunda ATƏT-in Bakı ofisinin məsləhətçi eksperti Con Osterqardin və şirkətin ekologiya idarəsinin mütəxəssislərinin iştirakı ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə qonaqlara zavodun tarixi və burada mövcud olan texnoloji qurğular haqqında ətraflı məlumat verilmişdir.
ATƏT-in Bakı ofisinin məsləhətçi eksperti C.Osterqardin dünyada neft dağılmaları barədə danışmış, neft hasilatı və emalı ilə məşğul olan hər bir müəssisənin gözlənilməz fövqəladə hadisələrə və onların aradan qaldırılmasına hazır olmasının vacibliyini diqqətə çatdırmışdır. O, Meksika körfəzində baş verən qəzadan sonra bu məsələnin dünyada daha da aktuallaşdığını qeyd etmişdir.
Bildirilmişdir ki, ATƏT-in Bakı ofisi ilə ARDNŞ arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “ARDNŞ-nin neft dağılmalarının xəbərdarlığı və ləğvi planı”na uyğun olaraq texniki ekspert və məsləhət xidmətləri üzrə layihəyə başlanılmışdır.
Ekspert neft dağılmalarına qarşı mübarizə sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin və birgə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Sonda qonaqlar zavodun katalitik riforminq qurğusunun iş prinsipi ilə tanış olmuşlar.