RƏSMİ XRONİKA
HEYDƏR ƏLİYEV ADINA BEYNƏLXALQ HAVA LİMANI – ƏZİZBƏYOV DAİRƏSİ AVTOMOBİL YOLUNUN AÇILIŞI OLMUŞDUR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AÇILIŞDA İŞTİRAK ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, Bakının yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər paytaxtın simasına yeni görkəm verir. Dekabrın 25-də paytaxtda Heydər Əliyev adına beynəlxalq hava limanı - Əzizbəyov dairəsi avtomobil yolunun açılışı olmuşdur.
Prezident İlham Əliyev açılışda iştirak etmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, 2007-ci ilin mart ayından bu yolun yenidənqurulmasına başlanmışdır. Burada 3 yolötürücü tikilmişdir. Ramana və Suraxanı qəsəbələri istiqamətində hərəkəti tənzimləyən körpü avtomobillərin magistral yoldan ayrılaraq həmin qəsəbələrə rahat getməsinə imkan verir.
“Azvirt” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi yolda hərəkət zolaqlarının eni 3,75 metrdir. Yol Əzizbəyov dairəsindən Sabunçu dairəsinədək 12 zolaqlı, Sabunçu dairəsindən Heydər Əliyev adına beynəlxalq hava limanına qədər isə 8 zolaqlıdır. Asfalt örtüyünün qalınlığı 27 santimetrdir. Piyadalar üçün 6 yerüstü keçid tikilmişdir. Yol boyu avtomobillərin sürət həddini tənzimləmək üçün 8 yerdə elektron tablolar qoyulmuşdur. Yağış və qurunt sularının axıdılması üçün drenaj sistemi yaradılmış, bununla əvvəllər yolboyu görünən gölməçələr qurudulmuşdur. Regionda ilk dəfə qırmadaş-polimer asfalt-betondan məhz bu yolda istifadə edilmişdir. Armaturlanmış torpaq istinad divarının tikintisi və yolun idarə olunmasının intellektual sistemi də yeniliklərdən biridir. Bu yolun istifadəyə verilməsi ilə hava limanı istiqamətində avtomobillərin hərəkətindəki sıxlıq aradan qaldırılacaqdır.
######