İQTİSADİYYAT
Heydər Əliyev аdına BNEZ beynəlxalq mükafata layiq görülüb
Bakı, 8 dekabr, AZƏRTAC
Heydər Əliyev аdına Bakı neft emalı zavodu (BNEZ) Berlində “Ən yaxşı neft emalı müəssisəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mükafat “World Refining Association” şirkətinin təşkilatçılığı ilə keçirilən dünyanın aparıcı neft emalı və neft kimya müəssisələrinin növbəti 18-ci beynəlxalq konfransında təqdim olunub.
Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrin neft emalı və neft kimya sənayesinə həsr olunan konfransda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Heydər Əliyev аdına BNEZ-in direktoru Elman İsmayılov rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Tədbirdə çıxış edən E.İsmayılov BNEZ-in hazırkı vəziyyəti və Avropa standartlarına cavab verən məhsulların istehsalı istiqamətində qarşıya qoyulan vəzifələr, zavodun əsas texnoloji qurğularının inkişaf perspektivləri barədə iştirakçılara məlumat verib. Bildirilib ki, zavodda neftin emalı dərinliyi ən yüksək həddə - 92,5 faizə çatdırılıb.
O, Avropa standartları səviyyəsində yanacaqların keyfiyyətinin yaxşılaşdırılması sahəsində ixtisaslaşmış xarici şirkətlərin dəstəyi ilə zavodun texnoloji qurğularında bir sıra rekonstruksiya işlərinin aparılmasına və yeni qurğuların inşasına start verildiyini də qeyd edib.