İQTİSADİYYAT
Heydər Əliyev adına neft emalı zavodu qış mövsümünə hazırdır
Bakı, 17 noyabr (AZƏRTAC). Heydər Əliyev adına Bakı neft emalı zavodunun istehsal sahələrində payız-qış mövsümünə hazırlıqla bağlı mühüm tədbirlər həyata keçirilməkdədir.
AZƏRTAC xəbər verir ki, cari ilin payız-qış tədbirlər planının icrasına may ayından başlanılmışdır. Bu istiqamətdə əsas işlər artıq başa çatmışdır. Zavodun sex və istehsalat sahələrində siyirtmə və dayaqlar, müxtəlif ölçülü boru xətləri, o cümlədən nəzarət-ölçü və avtomatika cihazları, yanğınsöndürmə xətləri və digər avadanlıq qoruyucu örtüklə sarınmışdır.
Müəssisənin 3 inzibati binasını, yeməkxanalarını və istilik sistemlərini isti su ilə təmin edən 1,2,3 nömrəli qazanxanalarda təmir işləri aparılaraq qış mövsümünə hazır vəziyyətə gətirilmişdir. Mövsümi işlərin yerinə yetirilməsi dövründə müvafiq cihaz və avadanlıq donmayan məhlulla təmin edilmiş, istilik kondinsionerlərinin təftişi aparılmış, xidməti otaqlarda istifadə olunan məişət-elektrik qızdırıcıları təmir olunmuşdur. Avtomobil və dəmir yolu nəqliyyatı üzrə 15 nömrəli təmir emalatxanasında istilik sistemi yenisi ilə əvəz edilmişdir.