REGİONLAR
Heydər Əliyev adına tam orta məktəbdə keçirilən ədəbi-bədii kompozisiya maraqla qarşılanıb
Naxçıvan, 30 aprel, AZƏRTAC
Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Namiq Məmmədov ulu öndər Heydər Əliyevin Azərbaycanın xilası naminə gördüyü işlərdən söhbət açıb. Qeyd edib ki, bu gün muxtar respublikamızda Heydər Əliyev ideyalarının sədaqətlə həyata keçirilməsi, muxtar respublika iqtisadiyyatının yüksələn xətlə inkişafı hamımızda qürur hissi doğurur və bütün bu nailiyyətlər Ulu Öndərimizin ideyalarının təntənəsi kimi qiymətləndirilir.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas Nizami Alıyev “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır”, Naxçıvan Müəllimlər İnstitutunun təbiət və incəsənət fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyev “Azərbaycan dövlətçiliyi möhkəm və etibarlı əllərdədir” mövzularında çıxış ediblər.
Məruzələrdə bildirilib ki, Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz dahi şəxsiyyət Heydər Əliyevin titanik fəaliyyəti sayəsində mümkün olub.
Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu dönmədən, ardıcıl və layiqli şəkildə həyata keçirir. Bu siyasi kurs Azərbaycanın siyasi və iqtisadi qüdrətinin artmasına və onun beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə səbəb olub. Ölkəmizdə siyasi sabitliyin mövcud olması və iqtisadi inkişafın Heydər Əliyev modelinin uğurla həyata keçirilməsi respublikamızın sosial-iqtisadi inkişafını daha da sürətləndirib.
Vurğulanıb ki, Ümummilli Liderimiz Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə muxtar respublikanı işğaldan xilas etməklə Naxçıvana yeni bir həyat bəxş edib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvandan başlanan müstəqillik hərəkatı Azərbaycan siyasi mühitində aparıcı siyasi qüvvəyə çevrilməklə milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxarıb.
Sonra tədbir iştirakçıları şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyaya və əl işlərindən ibarət sərgiyə baxıblar.
Tədbirdə Heydər Əliyev adına tam orta məktəbin müəllim və şagird kollektivi, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun burada təcrübədə olan tələbələri iştirak ediblər.