SİYASƏT
“HEYDƏR ƏLİYEV: DÜNYƏVİLİK, MÜASİRLİK VƏ GƏNCLİK” MÖVZUSUNDA İNŞA MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞDIR
Bakı, 18 fevral (AZƏRTAC). Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rayon ərazisində yerləşən ali məktəb tələbələri arasında keçirdiyi “Heydər Əliyev: dünyəvilik, müasirlik və gənclik” mövzusunda inşa müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunmuşdur.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova çıxış edərək bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin irsinin sistemli şəkildə öyrənilməsi, onun gənc nəslə çatdırılması hazırda qarşımızda duran əsas vəzifələrdən biridir. Bu mənada gənc nəslin ulu öndər Heydər Əliyevin ideyaları ruhunda tərbiyə olunması, müdrik rəhbərimizin qurub-yaratdığı müstəqil dövlətimizin şanlı tarixinin onlara elmi əsaslarla mənimsədilməsi və təbliği çox vacib məsələlərdəndir. Digər tərəfdən, ulu öndərin vətənimiz üçün gördüyü işlərin fəlsəfəsinə gənclərin gözü ilə baxmaq, Heydər Əliyevin siyasətində olan dünyəviliyin, müasirliyin və xüsusən gənc nəslə olan diqqət və qayğının onların düşüncəsinə təsirini bilmək də önəmlidir.
Natiq qeyd etmişdir ki, YAP Nəsimi rayon təşkilatının dəstəyi ilə rayon ərazisində yerləşən ali məktəblərin tələbələri arasında keçirilən “Heydər Əliyev: Dünyəvilik, Müasirlik və Gənclik” inşa müsabiqəsində də əsas məqsəd Heydər Əliyev irsinin gənc nəslə yetərincə çatdırılmasından ibarət olmuşdur. Müsabiqədə Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Universitetinin 187 tələbəsi iştirak etmişdir. Səlahiyyətli ekspertlər qrupu tərəfindən inşalar yoxlanılmış və 12 yazı işi qalib seçilmişdir.
Tədbirdə qaliblərə ümumilli liderin imzası əks olunmuş qızıl döş nişanları təqdim olunmuş, onlara dərslərində uğurlar arzu edilmişdir.