SİYASƏT
HEYDƏR ƏLİYEV KİMİ ŞƏXSİYYƏTLƏR NADİR HALLARDA DÜNYAYA GƏLİR
Bakı, 12 dekabr (AZƏRTAC). İnsan axınının ardı-arası kəsilmir. Yaşından, ixtisasından, milliyyətindən asılı olmayaraq hər kəs ulu öndərin məzarını ziyarət etməyi, ruhuna dua oxumağı özünə borc bilir. Onların sırasında səhiyyə işçiləri də vardır.
Müstəqillik illərində Heydər Əliyevin bilavasitə rəhbərliyi, diqqəti və dəstəyi ilə səhiyyə sistemində ardıcıl və məqsədyönlü iş görülmüş, islahatlar aparılmışdır. Əvvəlcə səhiyyənin hüquqi-nomativ bazasının təkmilləşdirilməsi və dünya standartları səviyyəsinə yüksəldilməsi diqqət mərkəzində olmuşdur. Bu məqsədlə bir sıra qanunlar işlənib hazırlanmış və Milli Məclis tərəfindən qəbul edilmişdir.
Ulu öndərin respublikada "Səhiyyə sahəsində İslahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə" 1998-ci il 13 mart tarixli sərəncamı səhiyyənin bütün sahələrini əhatə edən islahatların daha geniş miqyasda və sürətlə aparılması üçün şərait yaratmışdır.
Bu gün Fəxri xiyabana gələn həkimlər ümummilli liderin səhiyyənin inkişafı sahəsindəki titanik əməyini minnətdarlıqla yad edirdilər.
Həkim Xanım Zeynalova deyir:
- Tibb işçilərimiz ulu öndərin qayğı və diqqətini heç vaxt unutmayacaqlar. Onlar dahi rəhbərin tövsiyələrinə də dönmədən əməl edirlər. Bu, xüsusilə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuşların ailələri ilə bağlıdır. Heydər Əliyevin 1994-cü ildə qaçqınlarla görüşü zamanı vediyi tövsiyələrə uyğun olaraq Səhiyyə Nazirliyinin təşəbbüsü ilə həmin ildən başlayaraq şəhid ailələri respublikanın bütün bölgələrində tibb müəssisələrinin himayəsinə götürülmüşlər.
Heydər Əliyev kimi şəxsiyyətlər nadir hallarda dünyaya gəlir. Mən Heydər Əliyevin yoxluğuna inanmıram. Bu gün Azərbaycanın hər bir guşəsində, hər bir bölgəsində onun izi var, xatirəsi əziz tutulur. Allah rəhmət eləsin.