RƏSMİ XRONİKA
HEYDƏR ƏLİYEV MUZEYİ İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Samux rayonunun mərkəzində Heydər Əliyev muzeyi ilə tanış olmuşdur.
2007-ci ildə istifadəyə verilmiş və sahəsi 160 kvadratmetr olan muzey ekspozisiya və konfrans salonlarından, üç xidməti otaqdan ibarətdir. Ekspozisiya salonunda Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillər toplanmış, kompyuter avadanlığı qoyulmuşdur.
Binanın arxasında 700 kvadratmetr sahədə xiyaban salınmışdır.
Prezident İlham Əliyev muzeydə ulu öndərin həyat və fəaliyyəti ilə bağlı filmə baxdı, xatirə kitabına ürək sözlərini yazdı.
Dövlətimizin başçısı rayonun dünənini və bu gününü əks etdirən fotostendlə, eləcə də Samuxun qaz təchizatının sxemi və rayon ərazisindən keçən Şəmkir maşın kanalının baş planı ilə tanış oldu.
Prezidentə məlumat verildi ki, artıq rayona qaz verilir və əhalinin bu sarıdan ciddi problemi yoxdur.
######