HEYDƏR ƏLİYEV PARKI İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev rayon mərkəzindəki istirahət guşəsinə - ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gəldi. Yolboyu və parkda minlərlə sakin dövlətimizin başçısını böyük hörmət və ehtiramla salamladı.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə gül dəstələri qoydular. Bu əzəmətli abidə, parkdakı səliqə-sahman, istirahət üçün yaradılmış şərait yüksək qiymətləndirildi.
Prezident İlham Əliyev parka toplaşanlarla səmimiyyətlə görüşdü, ona göstərilən ehtirama görə təşəkkürünü bildirdi. Sakinlər dövlətimizin başçısına və ailə üzvlərinə ən xoş arzularını çatdırdılar, onun rəhbərliyi altında aparılan işlərin xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığını, ümummilli liderimizin siyasətinin inamla davam etdirilməsindən məmnunluqlarını vurğuladılar.
Dövlətimizin başçısı və ailə üzvləri rayon özfəaliyyət kollektivinin çıxışına qulaq asdılar, balaca rəssamların əl işlərindən ibarət sərgiyə baxdılar. Rəssam Məlahət İsmayılqızı respublika və rayon üzrə keçirilən müsabiqələrdə uşaqların uğur qazandıqlarını, mükafata layiq görüldüklərini söylədi, istedadlı uşaqların inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına və onun xanımına təşəkkürünü bildirdi, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya rəsm əsəri hədiyyə etdi.