HEYDƏR ƏLİYEV PARKI İLƏ TANIŞLIQ
Prezident İlham Əliyev rayon sakinləri ilə görüşdən sonra Qazax şəhərindəki Heydər Əliyev parkına gəldi.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin parkda ucaldılmış qranit abidəsi önünə gül dəstəsi qoydu. 5 hektardan çox ərazini əhatə edən və şəhərin mənzərəli guşəsində, Ağstafaçayın sahilində yerləşən, sakinlərin rahatlığı üçün hər cür şərait yaradılmış bu park bir neçə ay ərzində salınmışdır. Dörd ay əvvəl sakinlərin istifadəsinə verilmiş parkda müxtəlif növ ağaclar və gül kolları əkilmişdir.
Prezident İlham Əliyev respublikamızda ilk dəfə bu parkda yaradılmış və ulu öndərimizin xidmətlərini əks etdirən foto-kompüter köşkü ilə yaxından tanış oldu. Köşkün üzərindəki lövhədə bu sözlər yazılmışdır: “Bu yüksək texnologiyalı informasiya köşkü Azərbaycan xalqının ümummilli lideri, dahi Prezident Heydər Əliyevin uca xatirəsinə ithaf olunur. Bu köşk vasitəsilə siz onun həyat yolu və fəaliyyəti haqqında dolğun informasiya ala bilərsiniz. Köşk internet şəbəkəsinə qoşulmuşdur. Siz həmçinin dünya informasiya mənbələrinə də daxil ola bilərsiniz. Əlavə olaraq, bu köşk vasitəsilə siz rayon icra hakimiyyətinin başçısına elektron poçt vasitəsilə öz təkliflərinizi və fikirlərinizi yaza bilərsiniz”.
Prezident İlham Əliyev parkda görülən işləri yüksək qiymətləndirdi, informasiya köşkündən sakinlərin necə istifadə etmələri ilə maraqlandı, əhalinin bu cür köşklər vasitəsilə ulu öndərin fəaliyyətinə dair daha geniş məlumat ala biləcəklərini vurğuladı.