“Heydər Əliyev və Azərbaycan dili” - tədbir
Bakı, 11 dekabr, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı yönündə göstərdiyi tarixi xidmətlərdən danışıb. O, dahi lider Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi dil siyasətinin Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdiyini vurğulayıb, müstəqillik illərində ölkə rəhbərinin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunduğunu xatırladıb.
Direktor qeyd edib ki, Ulu Öndərin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında görkəmli dövlət xadimi Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, vətəndaşlıq mövqeyi, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.
İcraçı direktor dosent Baba Məhərrəmli isə “Heydər Əliyev İli”ndə institutda keçirilən tədbirlər, konfranslar və yeni nəşrlər barədə məlumat verib.
Professor İsmayıl Məmmədli çıxışında Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan televiziyasında “Dil xalqın milli sərvətidir”, “Azərbaycan dili” verilişlərinin əhəmiyyətini, Bakı Dövlət Universitetinin 50 illik yubileyində Ulu Öndərin Azərbaycan dilində çıxış etməsinin o dövr üçün mühüm hadisə hesab olunduğunu vurğulayıb.
Tədbirdə professorlar Sevil Mehdiyeva və Sayalı Sadıqova, filologiya elmləri doktoru Aynel Məşədiyeva və dosent Füzuli Mustafayev Ümummilli Liderin Azərbaycan dili ilə bağlı sərəncam və fərmanlarının əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, bu sənədlər Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinə, onun tətbiqi, qorunması və inkişaf etdirilməsinə əsaslı zəmin yaradıb.