MƏDƏNİYYƏT
“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Ağsu, 9 dekabr (AZƏRTAC). Ağsu Rayon Mərkəzi Kitabxanasında “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ümummilli liderimiz Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə əlaqədar təşkil olunan tədbirdə ziyalılar, gənclər, o cümlədən fəal oxucular iştirak etmişlər.
“Dəyirmi masa”nın iştirakçıları əvvəlcə kitabxananın oxu zalında Azərbaycan mədəniyyətinin hamisi, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olmuş, sənədli filmə baxmışlar.
Tədbirdə çıxış edən ziyalılar Azərbaycan mədəniyyətinin inkişafında, təbliğində, dünyada tanıdılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışlar. Natiqlər Ümummilli Liderimizin Azərbaycan və dünya mədəniyyətinə böyük incilər bəxş etmiş görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi, əsərlərinin təbliği, maddi-mədəni irsimizin qorunması istiqamətlərində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən geniş bəhs etmişlər.
Vurğulanmışdır ki, dahi rəhbər Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətinin, qoyub getdiyi zəngin irsin tədqiq və təbliği daim xüsusi əhəmiyyət kəsb edən bir məsələdir
“Dəyirmi masa”da, həmçinin Prezident İlham Əliyevin Ulu Öndərimizin mədəniyyətimizin inkişafı istiqamətində gördüyü işləri uğurla davam etdirdiyi diqqətə çatdırılmışdır.