SİYASƏT
HEYDƏR ƏLİYEVİN DÖVLƏTÇİLİYİMİZƏ VƏ XALQIMIZA MİSİLSİZ XİDMƏTİ AZƏRBAYCAN DURDUQCA UNUDULMAYACAQDIR
Bakı, 12 dekabr (AZƏRTAC). Fəxri xiyabana ziyarətə gələnlər dünya şöhrətli siyasətçiyə öz ehtiram və məhəbbətlərini ifadə etməklə yanaşı, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə ona minnətdarlıq etməyi unutmur, Böyük azərbaycanlı haqqında xatirələrini, təəssüratlarını bölüşürdülər.
Bu gün sənətindən, peşəsindən asılı olmayaraq, ölkəmizdə minlərlə insan dahi şəxsiyyəti böyük minnətdarlıq hissi ilə anır, ulu Tanrıdan ona rəhmət diləyir, haqqında iftixar hissi ilə söz açır.
Peşəsi ilə əlaqədar tez-tez xarici ölkələrə səfər edən modelyer Leyla Dadaşova növbəti səfəri ərəfəsində ulu öndərin ruhunu yad etmək üçün Fəxri xiyabana gəlmişdir.
-Bu gün duyğularımı anlatmaqda çətinlik çəkirəm, - deyir - Heydər Əliyevin Azərbaycan üçün etdikləri o qədər böyükdür ki, onları bir neçə cümlədə ifadə etmək mümkün deyildir. Lakin bir həqiqət vardır ki, Heydər Əliyevin dövlətçiliyimizə, xalqımıza misilsiz xidməti Azərbaycan durduqca unudulmayacaqdır. Artıq müğənni kimi fəaliyyət göstərməyi qərara almışam. Bir neçə böyük layihəni həyata keçirmək üçün Türkiyəyə getməyə hazırlaşıram. Lakin getməzdən əvvəl ulu öndərin xatirəsini yad etməyi özümə borc bildim. Hesab edirəm ki bu, hər birimizin borcudur.
Allah rəhmət eləsin, qəbri nurla dolsun.