İQTİSADİYYAT
Heyvandarlıq məhsulları istehsalı artmışdır
Ağsu, 8 dekabr (AZƏRTAC). Cari ilin on bir ayının yekunları Ağsu rayonunun heyvandarları üçün uğurlu olmuşdur.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirmişlər ki, kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıq rayonda sürətlə inkişaf edir. İlin ötən on bir ayında diri çəkidə 4520 ton ət, 25 min 393 ton süd, 7 milyon 96 min yumurta, 294 ton yun istehsal olunmuşdur. Bütün göstəricilər üzrə heyvandarlıq məhsulları ötən ilin müvafiq dövrü ilə müqayisədə artmışdır. Belə ki, 2012-ci ilin on bir ayının nəticələri ilə müqayisədə ət istehsalı (diri çəkidə) 238 ton, süd istehsalı 1782 ton, yumurta istehsalı 435 min ədəd, yun istehsalı isə 4 ton çox olmuşdur.
Hazırda heyvandarlar qış mövsümünün qayğıları ilə yaşayırlar. Bütün qüvvələr məhsul istehsalının artırılmasına səfərbər edilmişdir. Heyvandarlıqla məşğul olan fermerlər və fiziki şəxslər qış üçün kifayət qədər qaba və qüvvəli yem tədarük etmişlər.