REGİONLAR
Heyvandarlıqla məşğul olan fermerlərin süni mayalama tədbirlərinə marağı artıb
Tərtər, 21 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda iqtisadiyyatın aparıcı sahəsi olan kənd təsərrüfatının, o cümlədən heyvandarlığın inkişafı istiqamətində tədbirlər uğurla davam etdirilir. Son illərdə rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanların satılması və heyvanlar arasında aparılan süni mayalama tədbirləri genişləndirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, ötən il sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə 195 baş, bu il isə 11 baş yüksək məhsuldar damazlıq heyvan satılıb. Cari ilin 8 ayında rayon üzrə 879 baş inək və düyə süni yolla mayalandırılıb, 500 baş sağlam cins buzov alınıb. Heyvanlar arasında süni mayalama tədbirlərinin aparılması mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınmasına, ət və süd istehsalının artmasına təsir göstərir. Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri və əldə edilən yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalama tədbirlərinə marağını artırıb.
Aqrar sahəyə göstərilən dövlət qayğısının, heyvandarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, rayonda mal-qaranın cins tərkibi xeyli yaxşılaşdırılıb, sayı, həmçinin süd və ət istehsalı çoxalıb.
Rayonda cins heyvandarlığın inkişafının göstəricilərindən biri rayonun Bəyimsarov kəndində yaradılan 350 başlıq südlük istiqamətli heyvandarlıq kompleksidir. Kompleksin rəhbəri Habil İbrahimov bildirib ki, tikintisi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılan müəssisədə ferma, sağımxana, yem, ot və su anbarları, silos quyusu yaradılıb. Ferma avtomat sulama sistemi ilə təchiz edilib, səyyar yemləmə makinası və 3 traktor alınıb.
Hazırda kompleksdə Almaniyadan gətirilmiş 200 baş südlük istiqamətli holştein-friz heyvan saxlanılır ki, onlardan da 150-si sağmal inək və düyələrdir. Heyvanlardan gün ərzində sağım aparatları vasitəsilə 2000 litrə yaxın süd sağılaraq süd emalı müəssisələrinə göndərilir.
Kompleksdə inək və düyələr süni yolla mayalandırılır. İlin əvvəlindən 130 baş sağlam cins buzov alınıb. Bundan başqa yaxın günlərdə 100 baş simmental cinsindən olan heyvanların gətirilməsi nəzərdə tutulur.
Rayonda ətlik cins heyvandarlığın inkişaf etdirilməsində zebu hibritlərinin yetişdirilməsi uğurlu nəticələr verir. Tərtər rayon eksperemental cins-damazlıq kəndli fermer təsərrüfatının rəhbəri Məhərrəm Əliyevin dediyinə görə, Braman cinsli bir baş törədici zebu ilə ilin əvvəlindən 48 baş yerli heyvan çarpazlaşıb, onlardan 21 baş hibrit bala alınıb. Bu yaxınlarda təsərrüfata yeni cins zebu da gətiriləcək. Aparılan tədqiqatlar göstərir ki, zebularla hibritləşmə heyvandarlığın ətlik istiqamətdə inkişafında yaxşı nəticə verir.