REGİONLAR
Heyvanlar arasında müalicə-profilaktik və epizootik tədbirlərə başlanılıb
Bakı, 13 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasında heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Epizootik tədbirlər planı”na uyğun olaraq, 2017-ci ilin müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına start verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə, ev itləri arasında quduzluq xəstəliyinə, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə serioliji müayinələrin aparılmasına başlanılıb. Abşeron, Ağdam, Ağstafa, Şəki rayonlarının və Bakı şəhərinin atçılıq təsərrüfatları üçün atların manqo, qrip, rinopnevmoniya xəstəliklərinə qarşı diaqnostik və profilaktik tədbirlər görülür.
Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin tövsiyə olunur ki, heyvanların müalicə-profilaktik və epizootik tədbirlərdən kənar qalmaması üçün sahə baytarlıq məntəqələri və baytarlıq idarələrinə müraciət etsinlər, bütün tədbirlər baytar həkiminin iştirakı və nəzarəti altında həyata keçirilsin.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti “Epizootik tədbirlər planı”nda nəzərdə tutulan xəstəliklərin profilaktikası üçün peyvənd, dezinfeksiya, deinseksiya və s. vasitələrlə yerli baytarlıq idarələrini təmin etmiş və lazımi nəzarət tədbirlərini həyata keçirir.
Eləcə də Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytarlıq mütəxəssisləri əməli köməklik göstərilməsi və tövsiyə məqsədi ilə vaxtaşırı rayonlara ezam olunurlar.