İDMAN
Hiddink Hollandiya yığmasının “sükanı arxasında” van Qalı əvəz edə bilər
Bakı, 14 dekabr (AZƏRTAC). Rusiya yığmasının və Mahaçqalanın “Anji” komandasının keçmiş məşqçisi Qus Hiddink Hollandiya milli komandasına yenidən başçılıq edə bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 67 yaşlı mütəxəssis Niderlandın Kral Futbol İttifaqının (KNVB) nümayəndələri ilə danışıqlar apardığını təsdiqləmişdir.
İyul ayında Mahaçqalanın “Anji” komandasını tərk etdiyi vaxtdan işsiz olan Hiddink 1994-1998-ci illərdə Niderland yığmasına məşqçilik etmişdir.
“R-Sport” agentliyi Hiddinkin bu sözlərini sitat gətirir: “Sırf informasiya kontaktı olmuşdur. Mən özüm-özümə sual verirdim: komandaya başçılıq etməyə gücüm çatacaqmı? Lakin hələlik mənim ambisiyalarım yetərincə çoxdur”.
Hollandiya yığmasının məşqçisinin agenti Kis van Nyuvenheyzen bir qədər əvvəl bildirmişdir ki, Hiddink Niderland yığmasına rəhbərlik etməyə hazırdır.
“Narıncı” komandanın indiki baş məşqçisi Lui van Qalın kontraktının müddəti 2014-cü il dünya çempionatı başa çatana qədərdir.