DÜNYA
Hindistan dövriyyəyə plastik əsginaslar buraxacaq
Bakı, 10 dekabr, AZƏRTAC
Hindistanda plastik əsginaslar dövriyyəyə buraxılacaq.
AZƏRTAC "lenta.ru" saytına istinadla xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Arcun Ram Meqhval deyib: "Hindistanda plastik və ya polimerdə banknotların çap olunmasına qərar verilib. Artıq proseslərə başlanılıb".
Qeyd edək ki, noyabrın 8-də Hindistanda kölgə iqtisadiyyatı ilə mübarizə məqsədilə pul islahatına başlanılıb. Ölkədə ən çox işlənilən 500 və 1000 rupi (7,5 və 15 dollar) nominalında olan iri əsginaslar dövriyyədən çıxarılıb. Onların əvəzinə 500 və 2000 rupi nominalında yeni banknotlar dövriyyəyə buraxılıb, bununla yanaşı, hökumət köhnə pulların mübadiləsini məhdudlaşdırıb. Ölkədə nağd vəsait çatışmazlığı hiss olunur.
Hindistanın ehtiyat bankı çoxdandır plastik banknot buraxmağı planlaşdırırdı. Hələ 2014-cü ildə Hindistan hökuməti bir milyard ədəd 10 rupi (0,15 dollar) dəyərində plastik əsginas dövriyyəyə buraxmağı vəd etmişdi.