DÜNYA
Hindistan internet istifadəçilərinin sayına görə üçüncü yerdə qərarlaşmışdır
Bakı, 26 avqust (AZƏRTAC). İnkişaf etməkdə olan ölkələr siyahısında yer alan Hindistan internet istifadəçilərinin sayına görə üçüncü yerdə qərarlaşmışdır.
Sözügedən reytinqdə Çin və ABŞ lider ölkələrdir. Bir il əvvəl Yaponiya üçüncü pillədə qərarlaşmışdı.
“ComScore” analitik şirkətinin tədqiqatına əsasən, Hindistanın internet istifadəçilərinin sayı ötən illə müqayisədə 31 faiz artaraq 73,9 milyona çatmışdır.
Reytinqdə birinci pillədə Çin (348,2 milyon istifadəçi) durur.
Hindistanın internet istifadəçilərinin 75 faizi yaşı 35-dən aşağı insanlardan ibarətdir və sözügedən seqmentdə kişilərin sayı üstünlük təşkil edir. Hindistanın təxminən 54 milyon internet istifadəçisi gündəlik öz kompyuterləri və başqa texnikada axın videosunu izləyirlər və bu, ötən illə müqayisədə 27 faiz çoxdur. Bu amil genişzolaqlı internetin yayılmasına əyani sübutdur.
Cari ilin mart ayına olan məlumata əsasən, Asiya-Sakit okean regionunda ümumilikdə 644 milyon internet istifadəçisi qeydə alınmışdır. Onların 54 faizi Çinin payına düşür.