DÜNYA
Hindistanda körpü faciəsində yaralananların yerləşdirildiyi xəstəxana tələm-tələsik təmir olunub
Pekin, 1 noyabr, AZƏRTAC
Hindistanın Qucarat ştatında asma kanatlı körpünün uçması nəticəsində xəsarət alanların yerləşdirildiyi Morbi qəsəbə xəstəxanası tələm-tələsik təmir olunub.
AZƏRTAC “Hindistan times” qəzetinə istinadla xəbər verir ki, xəstəxananın köhnə, nimdaş binasına gecə vaxtı əl gəzidirilməsi Hindistanın Baş naziri Narendra Modinin hadisə yerinə və xəsarət alanlara baş çəkməsi ilə bağlı olub.
Xəstəxananın uçuq-qopuq divalarının gecə ikən boyanmasını “faciəli hadisə” adlandıran Hindistanın əsas müxalif qüvvəsi olan Milli Konqres Partiyası təmirin Baş nazirin xəstəxana ziyarətinin gözəl görünüşü üçün aparıldığını bəyan edib.
Qeyd edək ki, oktyabrın 30-da axşam saatlarında Divali festivalı qeyd edilərkən həddindən artıq sıxlıq nəticəsində körpü çöküb. Son məlumata əsasən, hadisə nəticəsində 134 nəfər ölüb, 177 nəfər xilas edilib, 20-yə yaxın şəxs xəsarət alıb. Hadisə nəticəsində onlarla adamın itkin düşdüyü bildirilir. Hadisə vaxtı körpü üzərində təxminən 500 nəfərin olduğu güman olunur. Böyük Britaniya dövründə salınmış asma körpü bir müddət əvvəl əsaslı təmir olunub və hadisədən bir neçə gün əvvəl istifadəyə verilib. Hindistan polisi körpü faciəsinə görə 9 nəfəri, o cümlədən körpünün təmirini icra etmiş podratçı şirkətin rəhbər şəxslərini həbs edib. Mütəxəssislər təmir işlərinin keyfiyyətsiz və məsuliyyətsiz aparıldığını düşünür.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin