İDMAN
Hollandlar FİFA-nı 2014-cü il Dünya Çempionatının təqviminin Braziliyanın xeyrinə manipulyasiya etməkdə günahlandırmışlar
Bakı, 23 iyun (AZƏRTAC). Niderland yığmasının baş məşqçisi Lui Van Qal Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasını (FİFA-nı) bunda günahlandırmışdır ki, o, Dünya Çempionatı oyunlarının cədvəlini yarışların ev sahibi olan Braziliya komandasının xeyrinə manipulyasiya edir. Onun komandasının Çili komandası ilə oyunu braziliyalıların oyunundan əvvəl keçiriləcəkdir və onlar B qrupunda yerlərin necə bölüşdürüləcəyini biləcəklər. Bu barədə AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir.
Mütəxəssisin sözlərinə görə, Dünya birinciliyi təşkilatçılarının məqsədi 1/8 final mərhələsində Hollandiya komandası ilə Braziliya yığması arasında görüş keçirilməsinə yol verməməkdir.
Van Qal belə bir məsələyə diqqəti cəlb etmişdir ki, ilk iki oyunu Braziliya komandası Niderland yığmasının görüşləri başlananadək keçirmişdir (Braziliya A qrupunda, hollandlar isə - B qrupunda çıxış edirlər). Braziliyalıların Kamerun ilə keçiriləcək üçüncü oyunu çempionatın təqvimində Niderland - Çili görüşündən sonraya planlaşdırılmışdır.
Beləliklə, holland mütəxəssisin fikrincə, Braziliya yığması bu görüşün nəticəsinə yönlənmək ( Niderland yığması isə bu imkandan məhrum olur - NEWSru.com-un qeydi) və 1/8 finalda özünə rəqib seçmək imkanı əldə edir. Bu, hollandlar və ya çilililər ola bilər.
İTAR-TASS van Qaldan belə bir sitat gətirir: “FİFA hər bir oyunda düzgün oyun prinsiplərini reklam edir və eyni zamanda belə fırıldaqlarla məşğul olur. Biz bütün diqqəti çilililərlə görüşə yönəltməyi nəzərdə tutmuşuq. Braziliya yığmasının bizdən sonra oynaması komandamıza qətiyyən təsir göstərməyəcəkdir. Mən sadəcə ümid edirəm ki, braziliyalılar öz idman borcunu layiqincə yerinə yetirir. Lakin FİFA nə üçün belə edir? Bax, məsələ budur”.
Bununla belə Braziliya yığmasının baş məşqçisi Luis Felipe Skolari əmin etmişdir ki, Kamerun yığması ilə oyunda onun komandası pley-offda özünə daha əlverişli rəqib əldə etmək üçün deyil, sırf qələbə qazanmaq üçün oynayacaqdır.
Skolari demişdir: “Mən rəqib seçməyə çalışmıram. Komandanın qarşısında Kameruna qalib gəlmək vəzifəsi duracaqdır. Braziliyanın daha yaxşı rəqib seçəcəyini deyənlər ağılsızdırlar. Bu, nəinki komandamıza, həmçinin rəqibə hörmətsizlik əlamətidir”.