MƏDƏNİYYƏT
Hollivud ulduzu Eddi Mörfi yeni komediya filmində çəkiləcək
Bakı, 20 iyul, AZƏRTAC
“Amazon Studios”, “Imagine Entertainment” və “Eddie Murphy Productions” tərəfindən birgə istehsal olunacaq “Candy Cane Lane” adlı yeni komediya filmində baş rola dünyaşöhrətli Hollivud aktyoru Eddi Mörfi dəvət alıb.
AZƏRTAC xəbər verir ki, ekran əsərinin rejissoru Reginald Hadlin, ssenaristi isə Kelli Yanqerdir. Həmçinin E.Mörfi, Brayan Qreyzer və Karen Lander icraçı prodüser qismində çıxış edəcəklər.
Qeyd edək ki, yeni çəkiləcək film 1992-ci ilin baxımlı ekran işi olan “Bumeranq”ın komandasını yenidən birləşdirəcək. Bu, B.Qreyzer və E.Mörfi arasında yeddinci əməkdaşlıqdır. Filmin süjetinin təfərrüatları hələ ki, gizli saxlanılır və çəkilişlər 2022-ci ilin qış aylarında Los-Ancelesdə başlayacaq.
"Candy Cane Lane" filminin təqdimatının 240-dan çox ölkədə olması planlaşdırılır.