İQTİSADİYYAT
Horadizdə "Korrupsiya riskləri və onların aradan qaldırılması" mövzusunda tədbir keçirilmişdir
Bakı, 16 aprel (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyinin (İİN) dəstəyi ilə Bakı Biznes Tədris Mərkəzi (BBTM) Horadizdə "Korrupsiya riskləri və onların aradan qaldırılması" mövzusunda tədbir keçirmişdir.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri (ASK), eləcə də Yuxarı Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak etmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə İİN-in, BBTM-nin, ASK-nın nümayəndələri mövzu ilə bağlı məruzələrlə çıxış etmişlər. Tədbirdə, həmçinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu tərəfindən sahibkarlar üçün "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın tələbləri. Özəl sektor nümayəndələrinin strategiyanın həyata keçirilməsində iştirakı" mövzusunda təqdimat keçirilmişdir.