İQTİSADİYYAT
Horadizdə ümummilli lider Heydər Əliyevin adını daşıyan prospekt istifadəyə verilmişdir
Füzuli, 24 dekabr (AZƏRTAC). 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Füzuli rayonunun Horadiz şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan prospekt istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev son vaxtlar rayonda gedən sosial-iqtisadi inkişafdan, aparılan geniş tikinti-quruculuq işlərindən danışmışdır.
Bildirilmişdir ki, uzunluğu 3,5 kilometr olan prospetdə yeni asfalt örtüyü və səki salınmış, işıqlandırma sistemi quraşdırılmışdır. Prospektdə 2 hektar sahəni əhatə edən Heydər Parkı və Heydər Əliyev Mərkəzi tikilmiş, 3 yerdə istirahət güşəsi yaradılmış, 6 mindən artıq ağac əkilmişdir. 180 şagird yerlik orta məktəbin və Gənclər Mərkəzinin tikintisi hazırda davam etdirilir. Yaxın vaxtlarda təhsil şöbəsi, YAP rayon təşkilatı, rayon icra hakimiyyəti, vergilər idarəsi üçün inzibati binaların və uşaq bağçasının inşasına başlanılacaqdır.
Mərasimdə çıxış edən sakinlər göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Rəmzi qırmızı lent kəsildikdən sonra prospekt istifadəyə verilmişdir.