SİYASƏT
Hörst Şnellhardt: Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu ölkənin ədalətli mövqeyini müdafiə edir
Bakı, 8 iyun (AZƏRTAC). İki il əvvəl Almaniya Bundestaqı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə qəbul etmiş, bu məsələyə öz müsbət mövqeyini bildirmişdir. Bu mövqedən kənara çıxmamaq şərti ilə yenə təsdiqləmək istəyirəm ki, həmin qətnamədə Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu ölkənin ədalətli mövqeyini müdafiə edir. Bu, rəsmi siyasi mövqedir, biz bunu tam təsdiqləyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Avropa Parlamentinin almaniyalı üzvü Hörst Şnellhardt bildirmişdir.
Ölkəsinə qayıtdıqdan sonra Azərbaycanla bağlı təəssüratlarını, əldə etdiyi bütün informasiyaları öz həmkarları ilə yenidən bölüşəcəyini diqqətə çatdıran Hörst Şnellhardt demişdir: “Təbii ki, həmin müstəvidə məsələni yenidən qaldıracağıq. Bu, həm Azərbaycan üçün, həm də bizim üçün vacib məsələdir. Bu problem bizə təsir edən məqamlardandır”.
Avropa Parlamentinin üzvü Azərbaycanın cəbhə bölgəsindəki vəziyyətin, həmçinin ermənilərin azərbaycanlı fermerlərə, sadə vətəndaşlara öz əkin sahələrində atəş açmasını avropalı deputatları narahat etdiyini də demişdir.