Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

HUMANİTAR ƏMƏKDAŞLIQ ÜZRƏ BİRİNCİ AZƏRBAYCAN-RUSİYA FORUMU ÖLKƏLƏRİMİZİN MÜNASİBƏTLƏRİNİN İNKİŞAFINA BÖYÜK TÖHFƏ OLMUŞDUR
BU FİKİR FORUMUN BAĞLANIŞ MƏRASİMİNDƏ SƏSLƏNMİŞDİR

Bakı, 25 yanvar (AZƏRTAC). Xəbər verdiyimiz kimi, yanvarın 23-də Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun bağlanış mərasimi olmuşdur.

Forumun yekunlarına əsasən birgə bəyanat qəbul edilmişdir.

Forumun təşkilatçılarından biri olan İTAR-TASS Agentliyinin Baş direktoru Vitali İqnatenko mərasimi açaraq, Forumun çox səmərəli keçdiyini qeyd etmişdir. V.İqnatenko tanınmış siyasətçilərin, görkəmli mədəniyyət, elm və təhsil xadimlərinin, Azərbaycanın və Rusiyanın aparıcı KİV-lərinin rəhbərlərinin iştirak etdiyi tədbirin əhəmiyyətindən danışaraq vurğulamışdır ki, bu Forum iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etməsinə böyük töhfə verəcəkdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə şəxsən tanış olduğuna görə fəxr etdiyini bildirən İTAR-TASS Agentliyinin Baş direktoru bu görkəmli siyasi xadim və dövlət xadimi haqqında xatirələrini bölüşmüşdür.

Bağlanış mərasimində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev çıxış etmişdir. O, rusiyalı həmkarı Sergey Narışkini və Forum iştirakçılarını salamlayaraq demişdir:

-Hörmətli Sergey Yevgenyeviç!

Xanımlar və cənablar!

Əziz dostlar!

Bu iki-üç gün bizim hamımız üçün dostluq, qarşılıqlı anlaşma və əməkdaşlığın sınağa çəkildiyi dövr oldu. Biz bu sınaqdan uğurla çıxdıq, bütün ümidləri doğrultduq. Çox yaxşı haldır ki, hörmətli Sergey Yevgenyeviç, bu gün siz Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun bağlanış mərasimində iştirak edirsiniz.

Bu Forumun uğurlu işi onun keçirilməsinin nə qədər vacib olduğunu və insanların həyatında sürətlə baş verən dəyişikliklər onların şüurunun parçalanmasına, haçalanmasına gətirib çıxardığı indiki, heç də birmənalı olmayan mürəkkəb şəraitdə bu əməkdaşlığın nə dərəcədə səmərəli ola biləcəyini nümayiş etdirdi. Əlbəttə, bu, belə azsaylı layihələrdən biridir ki, bu layihə çərçivəsində biz heç nəyi gizlətmədən aktual, vaxtı çatmış, bizi narahat edən məsələləri müzakirə etdik və bizim dövrün çağırışları kontekstində həmin suallara birlikdə cavab axtardıq.

Forumda çox maraqlı bir fikir səsləndi: “Dövlətlər sərhədləri qurur, qarşılıqlı mədəni əlaqələr isə həmin sərhədləri asanlıqla aşır. Bizim üçün xalqlarımızın bir-birini daha yaxşı başa düşməsi vacibdir”.

Bu gün qürurla deyə bilərik ki, biz Forumun keçirilməsi ideyasının müəllifləri olan prezidentlərimizin etimadını tamamilə doğrultduq. Onlar çox bəsirətli ideya irəli sürmüşlər.

Bütün bu günlər ərzində çox məhsuldar işləmək imkanına görə Forumun bütün iştirakçılarına, onun təşkil edilməsi ilə məşğul olanların hamısına təşəkkür edirəm.

İndi mən bu tribunadan Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Yefimoviç Şvıdkoya və İTAR-TASS Agentliyinin Baş direktoru Vitali Nikitiç İqnatenkoya Forumun hazırlanması ilə bağlı yorulmadan çalışdıqlarına görə təşəkkürümü bildirmək istərdim.

Bununla bərabər, mən mərasim iştirakçılarının diqqətini bir məqama cəlb etmək istərdim. Bu mərasim bizim Forumun yekun iclası olsa da, əslində gələcəkdə humanitar əməkdaşlığın tənzimlənməsi üzrə böyük və çoxşaxəli işin başlanğıcıdır.

Bizim gələcək işimizin bəzi aspektlərini tezislər şəklində də olsa, nəzərinizə çatdırmağa çalışaram.

Əlbəttə, ilk növbədə bu, həm Azərbaycan, həm də Rusiya üçün prioritet olan modernləşmə problemidir.

Keçmişimizə qısaca ekskurs etmək və xatırlatmaq istəyirəm ki, məhz 1847-ci ildə - dünyada ilk neft quyusu fontan vurduğu vaxtdan Bakıda neft bumu başlanmış, bu hadisə həm Azərbaycanda ümumi modernləşmənin əsasını qoymuş, humanitar sahənin inkişafına güclü təkan vermişdir.

Tarixi Bakının memarlıq siması, Şərqdə ilk opera olan “Leyli və Məcnun”, klassik muğam konsertləri, Sankt-Peterburq və Moskva universitetlərində mükəmməl təhsil almış azərbaycanlıların böyük bir nəsli - bütün bunlar ilk neft bumunun bəhrələridir. Həmin illərdə Azərbaycan neft paytaxtı kimi şöhrət tapmasını uzun müddətə təmin etmiş, “Əgər neft kraliçadırsa, Bakı onun tacıdır” kəlamı vətəndaşlıq hüququ qazanmışdır.

XX əsrin bütün kataklizmlərinə baxmayaraq, biz neft sahəsində bu üstünlüyü hasilatın həcminin artırılması hesabına deyil, neft akademiyasına çevrilməklə dünyanın neft yataqları ilə zəngin olan müxtəlif regionlarında ehtiyac hiss edilən neft kadrları yetişdirməyi öyrənmək sayəsində qoruyub saxlaya bildik.

“İkinci Bakı”, “Üçüncü Bakı” ifadələri həmin neft rayonlarının hamısında Bakı məktəbini keçmiş neftçilərin fədakar işinin etirafıdır. Burada yalnız iki əfsanəvi şəxsin adını xatırlatmaq kifayətdir - Nikolay Baybakov və Fərman Salmanov.

Biz dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağı öyrənmişik. Neft daşlarının unudulmayan şöhrəti bunu əyani şəkildə təsdiq edir. Lakin Bakı neftinin guya tükənməsi barədə çoxlu söz-söhbətlər yayıldığı vaxtda da Azərbaycan bu istiqamətdə kadrlar hazırlanmasını, Xəzərdə neft kəşfiyyatı aparmağı və neft maşınqayırması sahəsində öz potensialının artırılmasını davam etdirirdi. Əslində bu gün Xəzərdəki məşhur neft yataqlarının hamısı bu və ya digər şəkildə Azərbaycan geoloqlarının iştirakı ilə aşkar edilmişdir.

Dərin özüllər zavodunun yaradılması neft maşınqayırmasının inkişafına əyani sübutdur. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan vaxt nüfuzlu ekspertlər etiraf edirdilər ki, gerçəkləşdirilməsi üçün çox böyük sənaye və kadr potensialı olan ölkə şəraitində kontraktın həyata keçirilməsi vəziyyəti ilə faktiki olaraq ilk dəfə üzləşirlər. Bu potensial, həmçinin keçən əsrin 70-80-ci illərində Sovet İttifaqının aparıcı ali məktəblərində hazırlanmış kadrların hesabına yaradılmışdır. Mahiyyət etibarilə bu, Heydər Əliyevin qarşıdakı uzun illər üçün nəzərdə tutulan humanitar siyasətinin əsas tərkib hissələrindən biri idi.

1994-cü ildə Azərbaycanın karbohidrogen xammalının hasilatı və ixracı sahəsində gələcəyinə son dərəcə şübhə ilə yanaşanlar az deyildi. Lakin Bakı-Tbilisi-Ceyhan layihəsi də, neft amili ilə bu və ya digər şəkildə bağlı olan bir sıra başqa layihələr də gerçəkləşdi. Yeni neft bumu nəticəsində əldə edilmiş ilk gəlirlər məhz humanitar sahəyə yönəldildi. Burada Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş insanlar üçün çadır şəhərciklərinin ləğv edilməsi problemi də, respublika regionlarının inkişaf proqramları da, bir sıra digər sosial-iqtisadi layihələr də var idi. Məhz həmin dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin digər modernləşmə planları fonunda “qara qızıl”ın satışından əldə edilən gəlirlər insan kapitalına çevrilməlidir çağırışı səsləndi.

Bu sözlər Tofflerin “üçüncü dalğa” ideologiyasına tam müvafiq səslənirdi. Biz çox yaxşı başa düşürdük ki, hər hansı təbii ehtiyatlar və maliyyə resursları azala və ya tükənə bilər, lakin insan intellektinin istənilən məhsulu yeni texnologiyalar yaradılması, inkişafın yeni üfüqlərinin aşkar edilməsi üçün həmişə tükənməz mənbə olmuşdur, indi də belədir, gələcəkdə də belə olacaqdır.

Əslində, bəşər tarixində ilk dəfə həyata keçirilən “modernləşmə” yeni fabrik və zavodların tikilməsi demək deyil, hərçənd bu da istisna olunmur. Bu gün həmin modernləşmənin arxasında innovasiyalar yaratmağa və bizi əhatə edən dünyanı dəyişdirməyə qabil olan insan intellekti dayanır.

Qloballaşmanın dünyanı böyük bir kəndə çevirdiyi şəraitdə hər bir ölkənin gələcəyi faktiki olaraq onun təhsil sistemi ilə müəyyən olunmağa başlayır. Ölkənin taleyi təhsil sisteminin gələcəyə istiqamətlənmiş olmasından, məzunların kreativliyindən asılı olmağa başlayır.

İlk neft bumu Azərbaycana tamamilə yeni keyfiyyətli kadrlar vermişdisə, biz indi də neft bumunu məhz bu istiqamətdə reallığa çevirməyi bacarmalıyıq. Azərbaycanda gənclərə bu cür şans verə biləcək proqram artıq həyata keçirilməkdədir. Sevindirici haldır ki, o, həmişəkindən daha çox gələcəyə istiqamətlənmişdir.

Yeri gəlmişkən, mən heç istəməzdim ki, bizim Forum özünün əhatə dairəsini keçmişlə bağlı müəyyən nostalji hisslər keçirən insanlarla məhdudlaşdırsın, hərçənd, bir insan kimi hamımız bunu çox yaxşı başa düşürük.

Forum hökmən kreativ, yaradıcı gənclərin dəstəyinə arxalanmalıdır. Axı gənclər məhz öz yaşlarına görə ünsiyyət üçün, əlaqələr və innovasiyalar üçün daha açıqdır. İnanıram ki, bizim Forumla yanaşı hökmən planlarımızı gələcəyə istiqamətləndirəcək Azərbaycan-Rusiya Gənclər Forumu da keçirilməlidir.

Birgə fəaliyyətimizin daha bir istiqaməti klassik irsimizi qoruyub saxlamaq və zənginləşdirmək istəyidir. Bu gün hər bir ölkənin milli mədəniyyəti, uzun illər boyu yaradılmış mənəvi-etik dəyərlər sistemi qloballaşma dövrünün əyləncə sənayesinin təzyiqi altında müəyyən mənada aciz qalmışdır.

İnternetdə, kino və televiziya sənayesində geniş təmsil olunmuş rəqəmsal məhsullar milli mənşəni sözün hərfi mənasında heçə endirir. Qlobal “hörümçək toru” adamların çoxu və əlbəttə, ilk növbədə gənclər üçün az qala təbii yaşayış mühitinə çevrilir. Bununla bərabər, bu gün bizim milli mədəniyyətlərin bir sıra incilərini böyüməkdə olan nəsil üçün cəlbedici formatda tapmaq son dərəcə çətindir.

Biz milli mədəniyyətin qızıl fondunu təşkil edən bütün dəyərləri dəstəkləyən xüsusi proqramlar hazırlamalıyıq. Görünür, burada qeyri-standart yanaşmalar və metodlar lazımdır. Ümid edirəm ki, bu problemlərin birgə müzakirəsi həm Rusiya, həm də Azərbaycan tərəfi üçün son dərəcə faydalı ola bilər.

Toxunmaq istədiyim daha bir problem qeyri-hökumət təşkilatları ilə bağlıdır. Rusiyada olduğu kimi, Azərbaycanda da vətəndaş cəmiyyəti ölkənin siyasi və ictimai həyatında getdikcə daha çox rol oynamağa başlayır. Biz vətəndaş cəmiyyətinin potensialından fəal istifadə etməli, təkcə dövlət strukturları ilə məhdudlaşmamalıyıq.

Bu gün Rusiyada Ümumrusiya Azərbaycanlılar Konqresi və “Rusiya-Azərbaycan” Dostluq Cəmiyyəti uğurla fəaliyyət göstərir. Azərbaycanda da bu cür strukturlar vardır. Ümidvaram ki, bizim Forum bu qəbildən olan qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq sistemi yarada biləcəkdir. Həmin təşkilatlar şəbəkəsinin özü də inkişaf etməli və möhkəmlənməlidir.

Nəhayət, bəlkə də ən vacib olan daha bir problem jurnalistika və telejurnalistika sahəsində əməkdaşlığın keyfiyyətcə fərqli səviyyədə tənzimlənməsi problemidir. Biz Azərbaycanda və Rusiyada informasiya-kommunikasiya texnologiyalarının nə qədər səmərəli inkişaf etməsini nəzərə alaraq bu sahədə əməkdaşlığımızın bütün formalarında islahat aparmalıyıq. Bu sahə Azərbaycan ilə Rusiya arasında yaranmış strateji tərəfdaşlıq münasibətlərinə ahəngdar şəkildə uyğunlaşmalıdır.

Əslində bizim Forum bütünlüklə gələcəyə istiqamətlənmiş, qarşıdakı illərdə əlaqələrimizin daha səmərəli olmasının təmin edilməsinə yönəlmişdir. Məhz bu səbəbdən qarşıdakı ilin Azərbaycanda necə olacağı barədə bir neçə söz demək istərdim. Qonaqlarımızı yeni rəqəmlərlə yormaq istəmirəm, 2010-cu ildə yalnız bəzi planlarımıza qısaca toxunacağam.

Biz ilk növbədə Sumqayıt şəhərini hərtərəfli inkişaf etdirəcək, onu müasir sənaye mərkəzi səviyyəsinə çatdıracağıq. Burada ən azı 10 yeni müasir zavod tikiləcəkdir.

Bu il Ələt qəsəbəsində regionda ən iri dəniz limanı tikilməsi nəzərdə tutulur. Bu il Azərbaycanda hər növ gəmilərin inşa ediləcəyi müasir tipli gəmiqayırma zavodunun təməli qoyulacaqdır. Bu zavodu iki il ərzində tikmək nəzərdə tutulur.

Prioritet layihələr sırasında Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Rusiya sərhədi, Bakı-İran sərhədi, Bakı-Gürcüstan sərhədi avtomobil yollarının tikintisi layihələri vardır. Həmin yolların tikintisini bu il başa çatdırmaq nəzərdə tutulur.

Cari ildə xeyli mədəni obyektlərin, məktəblərin, səhiyyə obyektlərinin və idman komplekslərinin tikintisi davam etdiriləcəkdir.

Müdafiə Sənayesi Nazirliyi nəzdində yeni zavodlar istifadəyə veriləcəkdir. Axı Azərbaycan müharibə şəraitində yaşayır və burada, heç şübhəsiz, daxili resurslara arxalanmalıyıq.

Sosial proqramların həyata keçirilməsi, o cümlədən aztəminatlı ailələrə ünvanlı yardım məsələsi 2010-cu ildə də, sonrakı illərdə də hökumətin diqqət mərkəzində olacaqdır.

Yoxsulluq həddindən aşağı səviyyədə yaşayanların sayı son altı ildə 50 faizdən 11 faizə düşmüşdür. Təkcə bu göstərici ona dəlalət edir ki, hətta böhran ilində də Azərbaycanda sosial sahədə ciddi iş aparılmışdır. Məlumat üçün qeyd etmək istəyirəm ki, Avropa İttifaqı ölkələrində yoxsulluq göstəricisi orta hesabla 17 faizə bərabərdir. Avropa İttifaqında elə dövlətlər vardır ki, onlarda yoxsulluq göstəricisi 20 faizdən 26 faizə qədərdir.

Bizim gələcək inkişafımız barədə heç də tam olmayan bu informasiya, əlbəttə ki, düşünüb-daşınmaq, gələcək tədqiqatlar üçün material, bu və ya digər iri layihənin başa çatması ilə əlaqədar kütləvi informasiya vasitələrinin nümayəndələri ilə bir daha görüşməyimiz üçün bir mövzudur.

Humanitar əməkdaşlıq üzrə bizim birinci Azərbaycan-Rusiya Forumumuz çox yüksək əhval-ruhiyyədə başa çatır. Bu günlər ərzində çoxlu problemlər müzakirə edilmiş, xeyli səmərəli görüşlər keçirilmiş, çox maraqlı və perspektivli layihələrin əsası qoyulmuşdur. Bu günlərdə dəfələrlə səslənmiş bir ideya vətəndaşlıq hüququ qazanmışdır ki, bu Forumu illik tədbirə çevirək və onu növbə ilə Rusiyada və Azərbaycanda keçirək. Prezident İlham Əliyev bu cür görüşlərin vacibliyini nəzərə alaraq bu Forumu ənənəyə çevirməyi və ona beynəlxalq xarakter verməyi təklif etmişdir. Yaxşı fikirdir.

Hörmətli dostlar, biz sizinlə əməkdaşlığın yaxşı formasını tapmışıq. Bu günlər hər birimiz çoxlu yeni dostlar tapmışıq, çoxillik dostluq telləri ilə bağlı olduğumuz insanlarla doyunca söhbət etmək imkanı qazanmışıq.

Ümid edirəm ki, bizim Forum məqsədlərinə nail olmuşdur, humanitar əməkdaşlıq keyfiyyətcə yeni səviyyədə inkişaf etmək üçün sanballı təkan almışdır. Lakin bununla bərabər, məhz bu gün, Forumun bağlanış mərasimində dostlarımızın diqqətini gələcək əməkdaşlığımızın çox mühüm aspektlərindən birinə cəlb etmək istərdim.

Həmin aspekt ondan ibarətdir ki, biz bu Forumun real səmərəsini təmin edə biləcək mexanizmləri işə salmalıyıq. Əminəm ki, əgər biz bundan sonra da düşünülmüş strategiyaya müvafiq hərəkət etsək, Forumumuzun nüfuzu ilbəil artacaq, onun iştirakçılarının tərkibi və əhatə etdiyi problemlərin dairəsi genişlənəcəkdir.

Bu ilk dövlətlərarası Forum qarşıya çox konkret məqsəd və vəzifələr qoymuşdur. Forumun gedişində və şəxsi söhbətlər zamanı müzakirə edilən bütün məsələlər sadəcə söhbət olaraq qalmamalıdır. Bütün bunların davamı olmalıdır.

Bizim siyasətçilər, elm, təhsil, mədəniyyət xadimləri və kütləvi informasiya vasitələrinin nümayəndələri arasında daim, hər gün və müxtəlif istiqamətlərdə əlaqə saxlanmalıdır. Bütün bunlar daha dərin və hərtərəfli əməkdaşlıq prosesinə xidmət etməlidir.

Humanitar sahə olduqca çoxşaxəli və dərin sahədir. Nə qədər çalışsaq da arzularımızın zirvəsinə çata bilməyəcəyik. Amma hər halda başlıca vəzifəmiz münasibətlərimizin təkmilləşdirilməsi üçün yeni yollar axtarmaqdır.

Azərbaycan-Rusiya dövlətlərarası münasibətləri dinamik şəkildə inkişaf edir və bu gün bu münasibətlər yüksək səviyyədədir. Biz gözəl başa düşürük ki, münasibətlərin bu səviyyədə olmasına prezidentlər İlham Əliyev və Dmitri Medvedev arasında şəxsi dostluq əlaqələri də çox kömək edir.

Əlbəttə, bizim irəliyə doğru hərəkətimizə heç nəyin mane olmaması və Azərbaycan ilə Rusiya arasında bərqərar olmuş etimada əsaslanan səmimi münasibətlərə heç kəsin kölgə salmaması üçün hamımız daha səmərəli işləməliyik.

Hörmətli Sergey Yevgenyeviç! Fürsətdən istifadə edib Azərbaycana gəlmək və bizim Forumun işində iştirak etmək üçün vaxt tapdığınıza görə sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm.

Mən bu Forumun işində iştirak etmək barədə təklifi qəbul edib Bakıya gəlmiş bütün dostlarımıza səmimi təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, atdığımız birgə addımlar gələcəkdə bu Forumu əməkdaşlığımızın bir çox məsələlərini həll etmək üçün gözəl bir vasitəyə çevirməyə imkan verəcəkdir.

Sağ olun, hamınıza uğurlar diləyirəm.

Forumun bağlanış mərasimində çıxış edən Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey NARIŞKİN tədbir iştirakçılarına müraciətlə demişdir:

-Hörmətli Ramiz Ənvər oğlu!

Əziz dostlar!

Mən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun yekun iclasında iştirak etmək üçün növbəti dəfə qonaqpərvər Bakıya gəlməyimə ürəkdən şadam.

Bu görüş dövlətlərimizin ictimai həyatında həqiqətən əlamətdar hadisədir və yəqin ki, dövlətlərarası dialoqda irəliyə doğru atılmış daha bir addım olacaqdır. Bu görüş bizim bir-birimiz üçün nə qədər maraqlı və bir-birimizə nə qədər gərəkli olmağımızı bir daha göstərdi.

Bizim ikitərəfli əlaqələrin çoxəsrlik tarixi vardır. Burada, gözəl Azərbaycan torpağında Rusiyaya çox yaxın olan bir xalq yaşayır. Bu yaxınlıq əsrlərin sınağından çıxmış, biz birlikdə böyük zəfərlər qazanmışıq və onu gələcək nəsillər üçün qoruyub saxlamışıq.

Məhz insani münasibətlər Rusiya-Azərbaycan əlaqələrinin inkişafında həmişə mühüm rol oynamışdır. Humanitar sahə də bizim əməkdaşlıq etməyimiz üçün çox geniş və münasib sahədir.

İndiki Forum da bu fikri təsdiq edir. Siz bir neçə gün ərzində çox səmərəli diskussiyalar apardınız. Həmin diskussiyaların mərkəzi mövzularının başa düşülməsi iki ölkə arasında dialoqun daha da möhkəmlənməsinə zəmin yaradır. Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf yolları, dünyada cərəyan edən qlobal proseslərdə Rusiyanın və Azərbaycanın rolu, beynəlxalq vəziyyətin bizim dövlətlərə təsiri məsələləri bu cür mövzulardandır.

Forumun geniş iclaslarında və bölmələrin işində ictimai təşkilatların nümayəndələrinin, nüfuzlu elm və mədəniyyət xadimlərinin, tanınmış jurnalistlərin və ekspertlərin iştirak etməsini çox əhəmiyyətli hesab edirəm. Burada həqiqətən hər iki ölkənin qaymaqları toplaşmışdır. Burada toplaşan insanların fikrinə həm Rusiyada, həm də Azərbaycanda milyonlarla insan qulaq asır.

Rusiya nümayəndə heyəti müasir Azərbaycanın həyatı haqqında daha çox öyrənmək, Azərbaycan paytaxtının aparıcı ali məktəblərində, o cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin keçən il İlham Heydər oğlu Əliyevin dəstəyi sayəsində açılmış filialında olmaq üçün əla imkan əldə etməsi də az əhəmiyyət kəsb etmir.

Fürsətdən istifadə edib rus dilinin, bütövlükdə rusdilli təhsil və mədəniyyət məkanının dəstəklənməsinə verilən diqqətə, rus dilinin MDB məkanında millətlərarası ünsiyyət dili kimi yayılmasına göstərilən köməyə görə Azərbaycan rəhbərliyinə təşəkkürümü bildirmək istərdim.

Sizin diqqətinizi daha bir mühüm məqama cəlb etmək istərdim. İndiki birinci Forum Böyük Vətən Müharibəsində Qələbənin 65-ci ildönümü ərəfəsində keçirilir. Bu, nasizmə qarşı mübarizədə çiyin-çiyinə iştirak etmiş bütün xalqlar üçün müqəddəs tarixdir.

Müharibə haqqında, bizim Qələbə haqqında həqiqətin gənclərə çatdırılması vacibdir. Bu günlərdə və bu illərdə həmin həqiqəti müdafiə etmək vacibdir. Ona görə ki, tarixi təhrif etmək, o illərdə baş vermiş hadisələri, nasizm üzərində Qələbə qazanılmasında bizim xalqların iştirakının əhəmiyyətini təhrif etmək cəhdləri hələ də davam edir. Həqiqətin bərqərar olmasında vətəndaş cəmiyyəti, alimlər və müəllimlər, jurnalistlər və politoloqlar mühüm rol oynayırlar.

Əziz dostlar! İnsanlar arasında dərin etimad bizim dövlətlərin əməkdaşlığının istisnasız olaraq bütün sahələrinə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində çoxşaxəli tərəfdaşlığımıza birbaşa təsir edir.

Ölkələrimizin prezidentləri tərəfindən imzalanmış Rusiya ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamənin əsasını məhz bu cür açıq və etimada əsaslanan əməkdaşlıq təşkil edir.

Güman edirəm ki, bizim görüşlərin nəticələri ölkələrimiz arasında strateji tərəfdaşlığın genişlənməsi üzrə birgə işimizə xeyli kömək edəcəkdir. Rusiya və Azərbaycan xalqlarının səmimi insanlıq əlaqələri isə möhkəm millətlərarası dostluğun parlaq nümunəsi olacaqdır.

Bu, birinci Forumdur. İnanıram ki, bu Forum böyük bir layihənin yalnız başlanğıcıdır. Hörmətli Ramiz Ənvər oğlu, bir məsələdə sizinlə tamamilə razıyam ki, Forumun əhatə dairəsinə vətəndaş cəmiyyəti institutları, gənclər və kreativ adlanan sinif daha fəal cəlb edilməlidir. Bunsuz bizim ölkələrin yeni innovasiya iqtisadiyyatının qurulması mümkün deyildir.

Bu gözəl ideyanı irəli sürənlərin, onu həyata keçirənlərin hamısına təşəkkür etmək, Forumun bütün iştirakçılarına ən xoş arzularımı bildirmək, onlara firavanlıq və sadə insan səadəti diləmək istəyirəm.

Sağ olun!

Sonra Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun bağlanış mərasimində Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail ŞVIDKOY, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz ABDULLAYEV, Moskva Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli TORKUNOV, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal ABDULLAYEV, kinorejissor, Rusiyanın xalq artisti Vadim ABDRAŞİTOV çıxış etmişlər.

Onlar qeyd etmişlər ki, Forum çox səmərəli keçmişdir. İştirakçılar iki ölkə arasında münasibətlərin daha möhkəm, daha səmimi olmasına yönəlmiş çoxsaylı görüşlər keçirmiş, söhbətlər aparmışlar. Çıxış edənlər bu tədbirin formatının dəyişdirilərək başqa ölkələrin nümayəndələrinin də iştirak edə biləcəyi illik açıq Bakı Forumuna çevrilməsi barədə təşəbbüsün vacibliyini vurğulamışlar. Azərbaycanın Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşməsini nəzərə alaraq burada mədəniyyətlərarası və konfessiyalararası dialoq aparmağın zəruriliyi qeyd edilmişdir.

Natiqlər bildirmişlər ki, Azərbaycan və Rusiya 200 ilə yaxın müddətdə birgə olmuşlar. Biz daim yadda saxlayırıq ki, Azərbaycan Dövlət Konservatoriyası yaradılanda dahi Üzeyir Hacıbəylinin dəvəti ilə rusiyalı professorların böyük bir qrupu buraya gəlmiş, bizim müəllimləri öyrətmişlər. Bu da yadımızdadır ki, bizim dahi Qara Qarayev dünya şöhrətli Şostakoviçin tələbəsi olmuşdur. Azərbaycanın xalq yazıçılarının və xalq şairlərinin demək olar ki, hamısı Moskvada Ədəbiyyat İnstitutunda oxumuşlar. Tarix boyu mədəniyyət və incəsənət bizim ölkələri bir-birinə bağlamışdır və bu bağlılıq indi də davam edir.

Mərasimdə iki ölkə arasında təhsil sahəsində sıx əlaqələr barəsində də danışılmışdır. Məsələn, MDBMİ ilə Azərbaycan Diplomatik Akademiyası arasında əməkdaşlıq qeyd edilmişdir. Bu iki ali məktəbin qarşılıqlı əlaqələri tələbə və müəllimlər mübadiləsində özünü göstərir, Forum çərçivəsində isə yeni müştərək proqramların və layihələrin həyata keçirilməsi haqqında razılıq əldə edilmişdir.

Çıxış edənlər onu da vurğulamışlar ki, Bakı Slavyan Universiteti Rusiyanın aparıcı ali məktəbləri ilə birgə beynəlxalq proqramların həyata keçirilməsi üzrə ciddi iş aparır. Keçən il Moskva Dövlət Linqvistika Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılmışdır. Təhsil sahəsində əməkdaşlıq hər iki ölkənin gənc nəslinin bir-birini daha yaxşı öyrənməsinə və başa düşməsinə imkan verəcəkdir.

Mərasimdə kinematoqrafiya sahəsində əməkdaşlığı davam etdirməyin, o cümlədən Azərbaycanda Rusiya filmləri həftələri və Rusiyada Azərbaycan filmləri həftələri keçirməyin zəruriliyi, dostluq və qarşılıqlı anlaşma estafetini hər iki ölkənin gənc nəslinə ötürməyin vacibliyi barədə söhbət açılmış, bu məsələdə kütləvi informasiya vasitələrinin böyük rol oynaması qeyd edilmişdir.

Natiqlər əmin olduqlarını bildirmişlər ki, Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumu ikitərəfli münasibətlərin gələcək inkişafına böyük töhfə verəcək, iki ölkə arasında təkcə humanitar sahədə deyil, başqa sahələrdə də əməkdaşlığın daha da genişlənməsi üçün gözəl imkanlar yaranacaqdır.

Mərasimin sonunda İTAR-TASS Agentliyinin Baş direktoru Vitali İqnatenko bildirmişdir ki, Forum iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin Forumun fəxri sədrləri seçilməsi təklifini irəli sürmüşlər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir VİDEO

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq VİDEO

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir VİDEO

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir VİDEO

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib VİDEO

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO