Humanizmdən danışanların humanizmi
Tehran, 29 sentyabr, AZƏRTAC
BMT Baş Assambleyasının Nyu-York şəhərindəki mənzil-qərargahında keçirilən 74-cü sessiyası artıq başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu sessiya bir çox maraqlı məqamlarla yadda qaldı. Qərb mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünya liderlərini ikili standartlar siyasətinə görə tənqid etməsini “danlamaq” kimi təqdim etdi. Qəzetlər “Ərdoğan dövlət başçılarını danladı” başlıqlı yazıları ilə işıq üzü gördü. Sessiyada iştirak edən İran Prezidenti Həsən Ruhaninin və Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Nyu-Yorkda hərəkətlərinin ABŞ hökuməti tərəfindən məhdudlaşdırılması ən yadda qalan məqamlardan oldu. Sadə dillə desək prezident və nazirə BMT-nin mənzil-qərargahından bayıra çıxmaq qəti şəkildə qadağan edildi. İran ilə ABŞ-ın olduqca gərgin münasibətlərini nəzərə alsaq prezident və nazirin şəhəri gəzmək kimi planlarının olmadığını da demək olar. Hər halda onlar Nyu-Yorka gəzməyə yox, ölkənin tale yüklü məsələlərini həll etməyə getmişdilər. Lakin məsələni mənəvi müstəviyə keçirən məqam ondan ibarət idi ki, İranın BMT yanındakı daimi nümayəndəsi, səfir Məcid Təxte Rəvanç çoxdandır ki, xərçəng xəstəliyindən əziyyət çəkir və sessiyanın başlamasına bir neçə gün qalmış onun səhhəti daha da pisləşdi və xəstəxanaya götürüldü. Daimi nümayəndə sessiyada prezident və nazirin yanında ola bilmədi ki, bunun özü də insan üçün böyük mənəvi zərbədir. M.C.Zərif ilə bir yerdə təhsil alıb və uzun müddət birlikdə çalışan M.T.Rəvançı hadisələri xəstəxanadan izləmək məcburiyyətində qaldı. M.C.Zərif onun şəhərə çıxmağın qadağan edildiyini bilirdi. Lakin yaxın dostuna və həmkarına, uzun zamandı dövlətin maraqlarını düşmən hesab edilən ərazidə qoruyan bir adama belə ağır vəziyyətdə baş çəkməmək ən azından mənəviyyatsızlıq olardı. Buna görə də İranın Xarici İşlər naziri böyük mənəviyyata sahib olduğunu nümayiş etdirərək xəstəxanaya getmək üçün ABŞ rəsmilərindən icazə almaq məcburiyyətində qaldı. Bu zaman bəlkə də hər bir insanın qəlbinə toxunacaq, onu sıxıb darıxmağa sövq edəcək hadisə baş verdi - ABŞ hökuməti nazirə dostunu ziyarət etmək üçün xəstəxanaya getməyə icazə vermədi. Taleyin acı təsadüfündən isə xəstəxana BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahından cəmi 10 dəqiqəlik məsafədə yerləşir. Gəlin bir neçə dəqiqəlik təsəvvür edək: Sənin yaxın adamın səndən cəmi 10 dəqiqəlik bir məsafədə ağır vəziyyətdə, həyatda qalmaq üçün mübarizə aparır. Sən isə onun yanında olub, ona bir xoş söz də demək imkanında deyilsən. Belə olan halda insan hansı hissləri keçirər? Əlbəttə ki, ürəyi sıxılar, mənəvi boşluq hiss edər, dünyanın ədaləti budurmu? deyər. Bu hadisənin dünyada humanizmin, insan hüquqlarının, demokratiyanın müdafiəçisi qismində çıxış edən bir dövlətdə baş verməsi isə bu dövlətin bəyan etdiyi prinsiplərə inamın olmadığını göstərir. Xərçəng xəstəsi üzərindən siyasət yürütmək, ona belə münasibətin göstərilməsi humanizm deyilən anlayışın, ümumiyyətlə, olmadığını aydın şəkildə ortaya qoyur. Məncə bunu mənəviyyatsızlıqdan başqa bir şey adlandırmaq olmaz. Ən maraqlısı isə odur ki, heç bir dövlət və BMT-nin özü belə buna qarşı etiraz etmədi. Hamı susdu.
Lakin M.C.Zərif dostu ilə maraqlanmaqdan, onu necə deyərlər kefini soruşmaq istəyindən əl çəkmir. Rəsmi görüşlərdən sonra BMT-nin səsli-küylü mənzil-qərargahında bir küncə çəkilib mobil telefonla görüntülü olaraq dostuna zəng vurur və ona ürək-dirək verir.
Qərb demokratiyası, humanizmi, insan hüquqları budursa, fikrimcə bizə belə demokratiya lazım deyil.
Yuxarıda Türkiyə Prezidentinin Qərb dövlətlərinin başçılarını tənqid etməsini mətbuatın “danlaması” kimi yazmasına qayıdaraq, demək istəyirəm ki, bəli, R.T.Ərdoğan bu gün dünyanın müxtəlif bölgələrində baş verən müharibələrə görə dünya dövlətlərinin rəhbərlərini danlayıb. Riyakarlığa, ikiüzlülüyə görə danlanmağa məruz qalanlar görəsən nəticə çıxaracaqlarmı? Türkiyə Prezidentinin də dediyi kimi, “artıq sözün bitdiyi yerdəyik”.
Suriyada, Liviyada, Yəməndə, Əfqanıstanda və başqa bölgələrdə hər gün yüzlərlə heç bir təqsiri olmayan insanın ölümünə göz yumulursa, bir nəfər xəstənin vəziyyəti isə ümumiyyətlə nəzərə alınmaz. Biz belə dünyada yaşayırıq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran