ELM VƏ TƏHSİL
HÜSEYN CAVİD ENSİKLOPEDİYASI HAZIRLANIR
AZƏRTAC xəbər verir ki, AMEA Naxçıvan bölməsində Azərbaycanın görkəmli şair və dramaturqu, filosofu Hüseyn Cavidlə bağlı ensiklopediyanın nəşrə hazırlanması üzrə yaradıcı heyətin yığıncağı keçirilmişdir.
Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru, akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mütəfəkkir şair Hüseyn Cavidin anadan olmasının 125 illiyinin keçirilməsi haqqında Sərəncama əsasən tərtib edilmiş tədbirlər planına uyğun olaraq, AMEA Naxçıvan bölməsi və NDU-nun Hüseyn Cavid ensiklopediyasının hazırlanması haqqında qərarını diqqətə çatdırmışdır. Akademik bildirmişdir ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı tədbirlər planında da qarşıya Hüseyn Cavidlə bağlı ensiklopediya hazırlanması vəzifəsi qoyulmuşdur.
Artıq nəşrin sözlüyü hazırlanmışdır. Hələlik ensiklopediyada 602 məqalənin olacağı müəyyən edilmişdir. Əlbəttə, iş prosesində bəzi zəruri dəyişikliklər də ola bilər.
Ensiklopediya üzərində işi bu ilin aprel-may aylarında başa çatdırmaq nəzərdə tutulmuşdur.
Ensiklopediyanın hazırlanmasına Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin əməkdaşları da cəlb ediləcəklər.
Ensiklopediyanın işçi qrupuna akademiyanın həqiqi və müxbir üzvləri, doktorlar, professorlar, elmlər namizədləri daxildirlər.
Yığıncaqda H.Cavid ensiklopediyasını hazırlayacaq redaksiya heyəti, elmi redaksiya şurasının tərkibi yaradılmışdır.
NDU-nun rektoru, akademik İsa Həbibbəyli redaksiya heyətinin rəhbəri təyin edilmişdir.
Yığıncaqda çıxış edənlər H.Cavid ensiklopediyasının hazırlanmasına dair təklif və tövsiyələrini bildirmişlər.