SİYASƏT
Hüseyn Yusifov: Gürcüstanın dövlət strukturlarına daha çox azərbaycanlı kadr cəlb ediləcəkdir
Tbilisi, 10 avqust (AZƏRTAC). Gürcüstanın energetika və turizm nazirinin yeni təyin olunmuş müavini Hüseyn Yusifov jurnalistlər üçün brifinq keçirmişdir. O, hazırda nazirliyin strukturu ilə tanış olduğunu və çoxlu maraqlı faktlarla qarşılaşdığını demişdir. Gürcüstanın elektrik enerjisi idxal edən ölkədən artıq onu ixrac edən ölkəyə çevrildiyini qeyd edən H.Yusifov demişdir ki, hər sahədə həyata keçirilən islahatlar Energetika və Təbii Ehtiyatlar Nazirliyində də səmərəsini verməkdədir.
Nazir müavini su-elektrik stansiyalarının tikintisi baxımından böyük ehtiyatlara malik olan Gürcüstanda hazırda 13 su-elektrik stansiyasının inşa edildiyini söyləmişdir. Bildirilmişdir ki, Gürcüstan Xəzər dənizinin enerji daşıyıcılarının xarici ölkələrə nəql olunmasında da tranzit ölkə kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.
H.Yusifov strateji tərəfdaşlar olan Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin getdikcə daha da dərinləşdiyini qeyd etmiş, qlobal layihələrin reallaşdırılmasının əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, bölgənin təhlükəsizliyi baxımından da əhəmiyyətini vurğulamışdır.
Gürcüstanda Azərbaycanın sərmayə yatırımının ilbəil artdığını qeyd edən nazir müavini energetika sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini bildirmişdir.
Gürcüstan rəhbərliyinin kadr siyasətindən danışan H. Yusifov gələcəkdə dövlət strukturlarına daha çox azərbaycanlının cəlb olunacağını diqqətə çatdırmışdır. O demişdir ki, hazırda reinteqrasiya məsələləri üzrə Dövlət Nazirliyində, eləcə də Kənd Təsərrüfatı Nazirliyində azərbaycanlı kadrlar çalışırlar. Yaxın günlərdə Təhsil və Elm Nazirliyində daha bir azərbaycanlı kadr işlə təmin ediləcəkdir. Gürcüstanın Daxili İşlər Nazirliyi sistemində 100-dən çox azərbaycanlı çalışır. Hazırda Gürcüstanın ali məktəblərində yüzlərlə azərbaycanlı tələbə təhsil alır. Onların da təhsili başa vurduqdan sonra dövlət strukturlarına işə cəlb olunmaq üçün böyük şansları vardır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi