REGİONLAR
Hüsülü kəndinin sakinləri baramaçılığın və pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə həvəslə qoşulublar
Ağcabədi, 14 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Aparılan uğurlu iqtisadi siyasət nəticəsində Ağcabədi rayonunda bütün sahələrdə olduğu kimi, aqrar sektorun da inkişafında uğurlar qazanılıb. Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə verdiyi tapşırıqların icrası istiqamətində rayonda zəruri işlər görülür.
AZƏRTAC xəbər verir ki, rayonun digər kəndlərində olduğu kimi, Hüsülü kəndində də torpağa qayıdış kənd təsərrüfatı məhsulları istehsalının artması, əhalinin məşğulluğunun yüksəlməsi ilə nəticələnib. Cari ilin məhsulu üçün kənd ərazisində 1468 hektarda əkin aparılıb ki, onun da 350 hektarı buğda, 72 hektarda arpa, 800 hektardan çoxu yonca, şəkər çuğunduru, kartof və bostan bitkiləridir.
Ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılığın və baramaçılığın uzun fasilədən sonra bərpa edilməsi Hüsülü kəndinin sakinləri tərəfindən müsbət qarşılanıb. Bu il 200 kiloqrama yaxın barama istehsal edən kənd kümçüləri gələn il 1,5 tondan artıq barama tədarük etməyi planlaşdırırlar. Bunun üçün zəruri tədbirlər görülür. Kənd ərazisindəki mövcud çəkil ağacları budanıb. Payız mövsümündə yol kənarlarına, həyətyanı sahələrə 900 ədəd çəkil tinginin əkilməsi, bələdiyyə torpaqlarında 3 hektar çəkil bağının salınması nəzərdə tutulur.
Hüsülü kəndinin sakinləri pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə də həvəslə qoşulublar. Belə ki, əgər kənd ərazisində ötən il 40 hektar pambıq əkilmişdisə, bu il 179 hektarda “ağ qızıl” becərilib. Gələn il isə 260 hektardan artıq sahədə pambıq əkilməsi nəzərdə tutulub. Dövlətin qayğısından bəhrələnən kənd əməkçiləri tarlalarda bolluq, bərəkət həvəsi ilə çalışırlar. Ağ örpəyə bürünən tarlalar bol məhsuldan xəbər verir. Hazırda tarlalarda məhsul yığımı davam edir.