DÜNYA
“Hyundai”ın fəhlələri əmək haqlarının artırılması tələbi ilə tətilə başlayıblar
Bakı, 5 dekabr, AZƏRTAC
Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı “Hyundai Motors”un Ulsan şəhərindəki 5 zavodunun fəhlələri əməkhaqqı və mükafatların artırılması tələbi ilə bu gündən qismən tətilə başlayıblar.
AZƏRTAC xəbər verir ki, şirkətin 51 min üzvü olduğu həmkarlar ittifaqının bu barədə yaydığı məlumatda tətilin sutkada 4-6 saat olmaqla, cümə gününədək davam edəcəyi bildirilir.
Həmkarlar ittifaqı ümid edir ki, tətil şirkət rəhbərliyini işçilərin əməkhaqqının qaldırılmasına dair tələblərinin yerinə yetirməsinə vadar edəcək. Şirkət rəhbərliyi ilə həmkarlar ittifaqı arasında əməkhaqqının qaldırılmasına dair sonuncu danışıqlar uğursuz nəticələnmişdi. Cümə axşamı günü danışıqların 37-ci raundu keçiriləcək.
Qeyd edək ki, “Hyundai Motors”un fəhlələri aylıq maaşlarının 154 min von (142 ABŞ dolları) qaldırılmasını və şirkətin ötən ilki xalis gəlirinin 30 faizinin mükafat kimi işçilərə paylanılmasını tələb edirlər. “Hyundai Motors”un rəhbərliyi isə aylıq əməkhaqqının 40 dollara qədər qaldırılmasını, məvacibin 3 misli üstəgəl 1 milyon von (922 dollar) miqdarında mükafat verilməsini təklif edir. Həmkarlar ittifaqı təklifi rədd edəndən sonra şirkət mükafatı maaşın 3,5 misli üstəgəl 1,5 milyon vona (1382 dollar) qaldırmasını təklif edib.
İl ərzində fəhlələrin keçirdiyi tətillər şirkətə 740 milyon dollar istehsal ziyanı vurub ki, bu da 38 min avtomobil deməkdir.