İQTİSADİYYAT
I Avropa Oyunları zamanı nəqliyyatın hərəkətinin daha düzgün təşkili üçün lazımi avadanlıqların quraşdırılması davam etdirilir
Bakı, 13 may, Gülnar Bəşirova, AZƏRTAC
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi “Bakı-2015” birinci Avropa Oyunları zamanı nəqliyyat vasitələrinin hərəkətinin daha düzgün təşkili üçün lazımi avadanlıqların quraşdırılmasını davam etdirir.
AZƏRTAC xəbər verir ki, bunu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Elnur Abdullayev deyib.
E. Abdullayev bildirib ki, oyunlar zamanı yarışlara baxmaq üçün gedən tamaşaçıların ekspress marşrutları Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən tərtib olunub. Təbii ki, bu marşrutlara nəzarət də Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin işidir.
Hazırda Bakı şəhərində marşrutların optimallaşma işləri getdiyini diqqətə çatdıran NİİM təmsilçisi qeyd edib ki, I Avropa Oyunları ilə əlaqədar həm təhlükəsizliyi təmin etmək, həm də nəqliyyatı idarə etmək üçün Bakı şəhərində bir sıra küçələr bağlı olacaq: "Həmin dövrdə daxili ekspress marşrutlara maneə törətməmək üçün müvəqqəti olaraq bəzi avtobusların hərəkət xəttində müvafiq dəyişikliklər olacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin avtobus dayanacaqlarında 664 ədəd informasiya terminalı var. Marşrut xətlərində dəyişiklik olduqda, həmin o informasiya terminalları vasitəsilə vətəndaşlara məlumat veriləcək".
E. Abdullayev deyib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda Bakı və Böyük Abşeronu əhatə edir: " İkinci mərhələdə Böyük Bakı və bütün Azərbaycanı əhatə etmək nəzərdə tutulur. Üçüncü mərhələdə isə Nəqliyyat Nazirliyində informasiya texnologiyaları ilə əlaqəli hansı məsələlər varsa onlar NİİM tərəfindən əhatə olunacaq. Hələ ki, biz birinci mərhələdəyik. İkinci mərhələyə I Avropa Oyunlarından sonra keçməyi planlaşdırırıq", - deyə o əlavə edib.