İQTİSADİYYAT
IBM Bakıda nümayəndəliyini açıb
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Bakıda IBM şirkətinin (International Business Machines) Cənubi Qafqazda ilk nümayəndəliyi açılıb.
AZƏRTAC xəbər verir ki, nümayəndəlik Nizami küçəsi, 96E ünvanı, “Landmark 1” biznes mərkəzində yerləşir. IBM-in Bakı nümayəndəliyi müştərilərə bulud texnologiyalarının, analitika, mobil və sosial texnologiyaların mənimsənilməsi ilə bağlı xidmətlər göstərəcək.
IBM şirkətinin Azərbaycanda fəaliyyət göstərən müştəriləri sırasında informasiya texnologiyaları, bank, dövlət sektoru, telekommunikasiya və istehsalat təmsil edən şirkətlər, o cümlədən Azərbaycan Beynəlxalq Bankı, “Azərsun Holding”, “Azəricard” var.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, IBM bir çox ilklərə imza atmış şirkətdir. Fərdi kompyuterlərin ilk yaradıcısı da IBM şirkəti hesab olunur. 100 ildən artıq İKT sahəsində fəaliyyət göstərən IBM-in Cənubi Qafqazda məhz Azərbaycanda ilk nümayəndəliyini açması sevindiricidir. Şirkətin ölkəmizdə fəaliyyətə başlaması Azərbaycanın İKT sektorunun inkişafına müsbət təsir edəcək, gördüyü işlərə təkan verəcək. Ümid edirəm ki, IBM ali məktəblərlə əməkdaşlıq edərək təhsil, elektron hökumət həllərin reallaşması, Data mərkəzlərin yaradılması fəaliyyətinin təşkilinə öz töhfəsini verəcək.
“İslahatlı iqtisadi inkişaf nəticəsində Azərbaycanda qabaqcıl texnologiyalara tələbat artır. Yeni nümayəndəliyin açılması Azərbaycanda IKT sahəsində xarici investisiyaların cəlb olunmasına da yardımçı olacaq. Şirkətlər fəaliyyətlərini daha səmərəli və rəqabətqabiliyyətli qurmağa çalışırlar, - deyə İBM-in Azərbaycan üzrə baş direktoru İlya Kravtsov qeyd edib.
Qeyd edək ki, IBM texnologiya və konsaltinq sahəsində ixtisaslaşmış transmilli şirkətdir.