REGİONLAR
İbrahim Həsənov: “Glassica” QSC-nin ümumi investisiya dəyəri 20 milyon manatdan çoxdur
Sumqayıt, 21 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
“Glassica” QSC-nin ümumi investisiya dəyəri 20 milyon manatdan çoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri QSC-nin təsisçisi İbrahim Həsənov jurnalistlərin müəssisəyə media-turu zamanı deyib.
O bildirib ki, ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan müəssisənin illik istehsal gücü 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) təşkil edir. Müəssisədə istehsal olunan məhsullar daxili tələbatı tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac ediləcək. Sənaye Parkının 2,6 hektar ərazisində inşa edilmiş müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.
“Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 ildən çox təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən həyata keçirilib”, - deyə müəssisənin təsisçisi vurğulayıb.