ELM VƏ TƏHSİL
İbtidai sinif müəllimləri üçün təlim yekunlaşıb
Bakı, 20 avqust, AZƏRTAC
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzində ibtidai sinif müəllimləri üçün “İxtisasartırma təhsilini həyata keçirən kadrların potensialının gücləndirilməsi” mövzusunda təşkil olunan təlim yekunlaşıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 30 akademik saatdan ibarət proqramın məqsədi ibtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin tədrisi metodikası üzrə müəllimlərin bilik və bacarıqlarının artırılması olub.
Təlim zamanı iştirakçılar dinləyib-anlama və danışma, oxuyub-anlama, sürətli oxu və düzgün oxunun tədrisi, ibtidai təhsildə tələb olunan dil qaydaları və yazı bacarıqlarının tədrisi yolları, idrak taksonomiyası əsasında təlim və qiymətləndirmə vasitələrinin hazırlanması, diferensial təlimin təşkili, şagirdlərin öyrənmə tərzlərinin müəyyənləşdirilməsi, təlim məqsədlərinin standartlar əsasında müəyyən edilməsi strategiyaları, riyazi məsələlərin səmərəli həlli yollarının tapılması, müxtəlif təlim modellərinin dərsdə tətbiqi ilə bağlı praktik təlim tapşırıqlarına cəlb olunublar.
Təlim Bakı Avropa Liseyinin ibtidai sinif müəllimi Ülkər Mirzəyeva tərəfindən aparılıb.